Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, 7, maddə 443; 2006, 6, maddə 486, 11, maddə 927, 12, maddə 1013; 2007, 1, maddə 1, 5, maddə 441, 8, maddə 756, 11, maddə 1078; 2008, 3, maddə 155, 4, maddə 253; 2009, 6, maddə 399; 2010, 3, maddə 171, 6, maddə 484) ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 56-cı maddədə “3 (üç) ildə bir dəfədən çox olmayaraq” sözləri “5 (beş) ildə bir dəfədən çox olmayaraq” sözləri ilə əvəz edilsin.

2. 57-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan attestasiya komissiyası vergi orqanlarının vəzifəli şəxsinin tutduğu vəzifəyə uyğun gəldiyi və ya uyğun gəlmədiyi, habelə işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, 1 (bir) ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəldiyi haqqında 3 (üç) qiymətdən yalnız birini verir.”.

3. Aşağıdakı məzmunda 57-1-ci və 57-2-ci maddələr əlavə edilsin:

“57-1. Attestasiya olunan vergi orqanlarının vəzifəli şəxslərinə onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

57-2. Attestasiyanın nəticələri (qiymət və tövsiyələr), habelə attestasiya zamanı verilən suallar və cavablar 1 (bir) nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır.”.

4. 57-ci maddənin ikinci cümləsində “qərarında” sözü “qiymətində” sözü ilə, 75-ci maddənin 4-cü bəndində isə “qərarı” sözü “qiyməti” sözü ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2015-ci il.

N 81-VQD




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.