Axtar
az|рус|eng
Qanunvericilik

“Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 mart tarixli 574 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə
 
“Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 mart tarixli 574 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə:

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:

1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 mart tarixli 574 nömrəli Fərmanına (bundan sonra - Fərman) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

2. Razılaşma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl edilməsini təmin etsinlər.

3. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Fərmanının 2.3-cü bəndinin və 4-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. Bu Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının hüquq şöbəsinə həvalə edilsin.

6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

Novruz Məmmədov

Bakı şəhəri, 14 mart 2019-cu il

N 193 s




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.