Axtar
az|рус|eng
Qanunvericilik

Vergilər nazirinin 13 iyun 2019-cu il tarixli
1917040100720000 nömrəli əmri ilə təsdiq edilmişdir

 

Vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək
işçilərinin imtahandan keçirilməsi
Qaydaları


1. Ümumi müddəalar

 

1.1.  “Vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək işçilərinin imtahandan keçirilməsi Qaydaları” (bundan sonra – Qaydalar) Azərbaycan Respublikasının Vergilər nazirinin 29 aprel 2019-cu il tarixli 1917040100387300  nömrəli “Vergi müvəkkilləri institutunun yaradılması məqsədi ilə bəzi tədbirlərin görülməsi barədə” əmrinin 2.1-ci bəndinə və həmin əmrlə təsdiq edilmiş “Vergilər Nazirliyi ilə vergi müvəkkili arasında Əməkdaşlıq Sazişinin nümunəvi forması”nın 2.1.4-cü yarımbəndinə və 3-cü hissəsinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək işçiləri üçün imtahanın təşkili, keçirilməsi və qiymətləndirmənin aparılması prosesini tənzimləyir.

1.3. İmtahanın keçirilməsində məqsəd vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək işçilərinin zəruri bilik və bacarıqlarını yoxlamaqla, onların müvafiq xidməti göstərməyə yararlılığının müəyyən edilməsidir.

1.4. İmtahan qanunçuluq, obyektivlik, bərabərlik, şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirilir.

1.5. Vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək işçilərinin imtahandan keçirilməsi Vergilər Nazirliyinin İmtahan Komissiyası tərəfindən həyata keçirilir.

 

2. İmtahanın təşkili
 

2.1. İmtahan müraciətlər olduqda ildə 2 dəfədən az olmayaraq təşkil edilir.

2.2. İmtahanın keçirilmə yeri və vaxtı İmtahan Komissiyası tərəfindən müəyyən edilir.

2.3. İmtahan Komissiyasının tərkibi Vergi ödəyicilərinə xidmət departamentinin baş direktoru (komissiyanın sədri), onun müavini, departamentin şöbə rəhbərlərindən ibarətdir. Komissiyanın sədri komissiyaya Hüquq, Vergi siyasəti, İqtisadi təhlil, Vergi auditi və Dövlət qeydiyyatı və uçota nəzarət departamentlərindən, Tədris Mərkəzindən, digər struktur vahid və bölmələrdən və vergi orqanlarından kənar əlavə üzvlər dəvət edə bilər. İmtahanın keçirilməsi üçün yetərsay 5 nəfərdir.

2.4. Vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin rəhbəri birbaşa bu xidməti göstərəcək işçilərinin imtahandan keçirilməsi üçün Vergilər Nazirliyinə ərizə (Əlavə 1) ilə müraciət edir. Müraciət ərizəsində yeni vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək ən azı 2 işçisi qeyd olunmalıdır.

Vergi müvəkkili olan hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək əlavə işçilərinin imtahandan keçirilməsi üçün həmin ərizə ilə (Əlavə 1) Vergilər Nazirliyinə müraciət edir.

2.5. İmtahana iştiraka  aşağıdakı şəxslər buraxılırlar:

2.5.1. iqtisadiyyat və (və ya) hüquq sahəsində ali təhsili olan şəxslər;

2.5.2. maliyyə, mühasibatlıq, hüquq və ya vergi sahəsində ən azı 3 illik iş təcrübəsi olan şəxslər;

2.5.3. vergi qanunvericiliyinin pozulmasına görə cinayət məsuliyyətinə cəlb edilməyən şəxslər.

2.6. Ərizə və ona əlavə olunmuş aşağıdakı sənədlər əsasında İmtahan Komissiyası 10 gün müddətində vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək işçisinin bu Qaydanın 2.5-ci bəndinin tələblərinə uyğunluğunu yoxlayır və nəticəsi barədə  hüququ şəxsə elektron qaydada məlumat göndərilir.

2.6.1. şəxsiyyət vəsiqəsinin surəti;

2.6.2. ali təhsil barədə diplomun surəti (notarial qaydada təsdiq olunmuş);

2.6.3. əmək kitabçasının təsdiq olunmuş surəti (son iş yeri barədə qeyd olması şərti ilə)

2.6.4. vergi qanunvericiliyinin pozulmasına görə cinayət məsuliyyətinə cəlb edilməməsi barədə sənəd.

 

3. İmtahanın keçirilməsi və qiymətləndirmənin aparılması

 

3.1. İmtahan daxil olmuş ərizələr əsasında bu Qaydalara uyğun olaraq keçirilir.

3.2. İmtahan yazılı imtahan və müsahibə mərhələlərindən ibarətdir.

3.3. Yazılı imtahan mərhələsində iştirakçıların vergi qanunvericiliyi və vergi inzibatçılığı üzrə bilikləri, habelə maliyyə, mühasibatlıq üzrə praktiki bilikləri yoxlanılır.

3.4. Yazılı imtahan üçün sual bazası İmtahan Komissiyası tərəfindən hazırlanır. Sual bazasının hazırlanması zamanı məlumatların məxfiliyinə tam riayət edilməlidir.

3.5. Yazılı imtahan zamanı iştirakçılar 60 dəqiqə ərzində imtahan vərəqəsində olan 10 sualı cavablandırmalıdırlar.

3.6. Yazılı imtahanın nəticələri İmtahan Komissiyası tərəfindən yazılı imtahan yekunlaşdığı gündən 30 gün ərzində yoxlanılır.

3.7. Sualların hər birinə verilmiş cavablar İmtahan Komissiyası tərəfindən 10 ballıq sistemlə qiymətləndirilir, balların cəmi 10-a bölünərək orta bal müəyyən edilir. 7 bal keçid balı hesab olunur.

3.8. Yazılı imtahanda uğur qazanan iştirakçılar müsahibə mərhələsinə buraxılır və müsahibənin keçirilməsi vaxtı və yeri barədə azı 5 iş günü qalmış hüququ şəxsə elektron qaydada məlumat göndərilir.

3.9. Müsahibə hər bir iştirakçıya fərdi qaydada azı 30 dəqiqə ərzində aparılır. 

3.10. Müsahibə İmtahan Komissiyası tərəfindən iştirakçıya suallar verilməsi və iştirakçı tərəfindən həmin sualların cavablandırılması yolu ilə həyata keçirilir.

3.11. İştirakçı verilmiş suallara mövzu ətrafında dolğun və mümkün qədər qısa vaxt ərzində cavab verməlidir.

3.12. İmtahan Komissiyası müsahibə zamanı iştirakçının şəxsiyyətinə, fikirlərinə hörmətlə yanaşmalı, onunla münasibətdə diqqətli, səbirli və qərəzsiz olmalı, iştirakçıya öz fikirlərini formalaşdırıb sərbəst ifadə etməyə maneçilik törətməməli, onun mövzudan kənara çıxdığı hallar istisna olmaqla, sözünü kəsməməlidir.

3.13. İmtahan komissiyasının hər bir üzvü vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək işçisini aşağıdakı meyarlara əsasən qiymətləndirir:

3.13.1. bilik səviyyəsi;

3.13.2. təcrübəsi;

3.13.3. zəruri olan keyfiyyətlər – namizədin qərarvermə, məsuliyyətliliyi, özünütənqid, nüfuzetmə, təhliletmə bacarıqları.

3.14. Müsahibə zamanı iştirakçının verdiyi cavablar komissiyanın hər bir üzvü tərəfindən 10 ballıq sistemlə qiymətləndirilir. Verilmiş qiymətlər toplanılaraq müsahibədə iştirak edən komissiya üzvlərinin sayına bölünərək orta bal çıxarılır. Müsahibənin nəticəsi üzrə işçinin orta balı ən azı 7 olduqda həmin iştirakçı müsahibədən müvəffəqiyyətlə keçmiş hesab edilir.

3.15. Müsahibə mərhələsində İmtahan Komissiyasının üzvlərinin iştirakçı barədə verdiyi əsaslandırılmış ballar arasında əhəmiyyətli fərq (5 və daha çox bal) olduqda iştirakçı yenidən müsahibə olunmaqla qiymətləndirilir.

3.16. Müsahibənin nəticələri barədə 5 iş günü ərzində hüququ şəxsə elektron qaydada məlumat göndərilir.

 

4.  Yekun müddəalar

 

4.1. Vergi müvəkkili kimi fəaliyyət göstərmək istəyən hüquqi şəxs imtahanın nəticələri ilə razı olmadıqda, nəticələr barədə hüquqi şəxsin elektron ünvanına məlumat gəldiyi gündən 3 iş günü müddətində İmtahan Komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Vergi müvəkkili kimi fəaliyyət göstərmək istəyən hüquqi şəxs bu qərardan məhkəməyə şikayət verə bilər.

4.2.  Vergi müvəkkili kimi fəaliyyət göstərmək istəyən hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək işçisi imtahanda iştirak edərkən, imtahanın keçirilməsi ilə bağlı tələblərə və qadağalara əməl etməlidir. Həmin  tələblərə və qadağalara əməl etməməsi halları İmtahan Komissiyası tərəfindən aşkar edildikdə, onun imtahan nəticələrinin ləğv olunması barədə qərar qəbul edilir. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.