Axtar
az|рус|eng
Qanunvericilik

Vergilər nazirinin 26 iyul 2019-cu il tarixli
1917040100920400 nömrəli əmri
ilə təsdiq edilmişdir.

Kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində vergi uçotunun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı
METODİKİ TÖVSİYƏLƏR

1. Ümumi müddəalar

1.1. Bu Metodiki tövsiyələr Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında”, “Məşğulluq haqqında” və “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunlarına və digər qanunvericilik aktlarına uyğun olaraq kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində vergi uçotunun dürüstləşdirilməsi və şəffaflaşdırılması məqsədilə hazırlanmışdır.

2. Kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən şəxslər barəsində məlumatların əldə olunması

2.1 Vergi uçotunun dürüstləşdirilməsinin və şəffaflaşdırılmasının təmin edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən (EKTİS) verilmiş subsidiyalar, Dövlət Statistika Komitəsindən təsərrüfatbaşına kitabının elektron bazası üzrə fiziki şəxslərin və “Kənd təsərrüfatı müəssisələri tərəfindən malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında” rəsmi statistika hesabatı məlumatlarına əsasən hüquqi şəxslərin istehsal həcmi, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondundan kənd təsərrüfatı məqsədilə verilmiş kreditlər, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrindən torpaq mülkiyyətçiləri, məşğulluq orqanlarından kənd təsərrüfatı təyinatı ilə özünüməşğulluq çərçivəsində avadanlıq, mal-heyvan və s. verilmiş şəxslər, yerli maliyyə idarələrindən (şöbələrindən) verilmiş subsidiyaların məbləğləri, icra hakimiyyəti orqanlarından və bələdiyyələrdən torpaq mülkiyyətçiləri (icarədarları), ailə kəndli təsərrüfatları barədə məlumatlar toplanılmalıdır. Toplanılan məlumatlar göstərilənlərlə məhdudlaşdırılmır.

3. Fəaliyyət istiqamətləri

3.1 Kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində vergi uçotunun dürüstləşdirilməsi və şəffaflaşdırılması aşağıdakı istiqamətlərdə aparılır:
3.1.1. Məcburi dövlət sosial sığorta məqsədləri üçün uçota – bu kateqoriyaya mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan şəxslər və ailə kəndli təsərrüfatlarınınının başçıları aiddirlər;
3.1.2. Vergitutma məqsədilə (azadolunan) uçota alınma – bu kateqoriyaya kənd təsərrüfatı məhsullarının istehsalı, ixracı ilə məşğul olan şəxslərin vergitutma məqsədilə uçotu aiddir;
3.1.3 Uçot məlumatlarının dürüstləşdirilməsi.
4. Əldə olunmuş məlumatların Vergilər Nazirliyinin baza məlumatları ilə üzləşdirilməsi və dürüstləşdirmə işlərinin aparılması
4.1. Bu proses aşağıda göstərilən mərhələlərdə həyata keçirilir (Proseslər xəritəsi əlavə olunur):
4.1.1. Metodiki Tövsiyələrin 2-ci bəndində göstərilən qurumlardan əldə olunmuş məlumatlar təhlil edilir və iki istiqamətdə kənarlaşmalar müəyyənləşdirilir:
4.1.1.1. Vergi orqanında uçota durmadan fəaliyyət göstərən şəxslər üzrə:
4.1.1.1.1. Belə şəxslərə Bildiriş 1 göndərilir (əlavə olunur);
4.1.1.1.2. Müvafiq ərizə 5 iş günü müddətində təqdim edilmədikdə, 10 iş günündən sonra onlara Bildiriş 2 göndərilir (əlavə olunur);
4.1.1.1.3. 5 iş günü müddətində uçota alınmaya dair ərizə təqdim edilmədikdə, sahə təhkimçisi Vergi Məcəlləsinin 33.3 və 33.5-ci maddələrinə əsasən şəxsin vergi orqanında uçota alınır.
4.1.1.2. Vergi orqanında uçotda olub, uçot məlumatlarında uyğunsuzluq müəyyən edilmiş vergi ödəyiciləri üzrə (fəaliyyət sahəsi uyğun gəlməyən və ya fəaliyyəti dayandırılmış, bəyannamə təqdim etməyən, boş bəyannamə təqdim etmiş və s.):
4.1.1.2.1. Uçot məlumatlarında uyğunsuzluq aşkar edilən vergi ödəyiciləri üzrə Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinin tələblərinə uyğun olaraq uyğunsuzluğun 5 iş günü müddətində aradan qaldırılması ilə bağlı onlara bildiriş (Vergilər Nazirliyinin 22.04.2019-cu il tarixli 1917040100406700 nömrəli əmri ilə təsdiq edilmişdir) göndərilir;
4.1.1.2.2. Uyğunsuzluq 5 iş günü müddətində aradan qaldırılmadıqda, uçot məlumatlarında müvafiq dəyişiklik edilir və bu barədə vergi ödəyicisinə 3 iş günü müddətində məlumat verilir;
4.1.1.2.3. Bu Metodiki Tövsiyələrin 4.1.1.2.1-ci yarımbəndində göstərilən hallar istisna olmaqla, digər hallar üzrə vergi ödəyicisinə 5 iş günü müddətində uyğunsuzluğun aradan qaldırılması ilə bağlı bildiriş göndərilir (əlavə olunur);
4.1.1.2.4. 5 iş günü müddətində uyğunsuzluq aradan qaldırılmadıqda vergi ödəyicisinə zəruri xidmətlər göstərilir;
4.1.1.2.5. Bundan sonra da vergi ödəyicisi tərəfindən uyğunsuzluq 5 iş günü müddətində aradan qaldırılmadıqda nəzarət tədbirinin keçirilməsi ilə bağlı müvafiq struktura müraciət edilir;
4.1.1.2.6. Həmin struktur bölmə tərəfindən nəzarət tədbiri həyata keçirilərək uyğunsuzluq aradan qaldırılır;
4.1.2. Şəhər, rayon və kəndlərdə icra və bələdiyyə üzvlərinin iştirakı ilə kənd təsərrüfatına yararlı torpağı istifadə edən şəxslərlə görüşlərin təşkil edilməsi və vergi, MDSS öhdəlikləri və təqdim edilməli hesabatlar haqqında məlumatlar verilir;
4.1.3. Kütləvi informasiya vasitələrində (yerli televiziya, radio və qəzetlərdə) kənd təsərrüfatına yararlı torpağı istifadə edən fiziki şəxslərin vergi orqanında uçota alınması, vergi və MDSS öhdəlikləri haqqında məlumatların yayımlanması;
4.1.4. 4.1.1.-ci bənddə müəyyənləşdirilmiş şəxslərin mobil nömrələrinə Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamenti tərəfindən SMS-lər göndərilir;
4.5. Ərazi vergi orqanı tərəfindən görülmüş işlər barədə məlumatlar hər həftənin birinci günü Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi departamentinə təqdim edilir.
Dürüstləşdirmə işlərinin aparılması ilə bağlı əyani misallar:
Misal 1. Fiziki şəxs Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnkişaf Mərkəzindən subsidiya almış, lakin təhlillər zamanı həmin şəxsin vergi orqanında uçota durmadığı müəyyən edilmişdir. Bu halda, sahə təhkimçiliyini həyata keçirən struktur tərəfindən həmin şəxsin vergi uçotuna alınması məqsədilə Bildiriş N1 göndərilir. Bundan sonra şəxs tərəfindən vergi uçotuna alınması üçün ərizə təqdim edilmədikdə, həmin şəxsə vergi uçotuna alınması məqsədilə Bildiriş N2 göndərilir. Lakin şəxs tərəfindən uçota alınma barədə ərizə təqdim etmədikdə, vergi orqanı tərəfindən onun Vergi Məcəlləsinin 33.3 və 33.5-ci maddələrinə əsasən uçota alınması həyata keçirilir.
Misal 2. Sahibkarlığın İnkişafı Fondundan əldə olunmuş məlumata əsasən A müəssisəsinə buğdanın yetişdirilməsi məqsədilə güzəştli kredit verilmişdir. Lakin baza məlumatlarına əsasən həmin vergi ödəyicisinin fəaliyyət sahəsi “xidmət”-dir. Bu halda, göstərilən halın dəqiqləşdirilməsi ilə bağlı vergi ödəyicisinə bildiriş göndərilir. 5 iş günü müddətində vergi ödəyicisi tərəfindən dəqiqləşdirmə aparılması barədə müraciət olunmadıqda, fəaliyyət sahəsinin dəqiqləşdirilməsi həyata keçirilir.
Misal 3. Dövlət Statistika Komitəsindən əldə olunmuş məlumata əsasən B müəssisəsi ötən il ərzində 500,0 min manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal etmişdir, lakin həmin vergi ödəyicisi tərəfindən vergi bəyannamələri təqdim edilməmişdir. Bu halda, vergi ödəyicisinə vergi bəyannamələrinin təqdim edilməsi ilə bağlı bildiriş göndərilir. 5 iş günü müddətində vergi ödəyicisi tərəfindən vergi bəyannamələri təqdim edilmədikdə, qanunvericiliyin tələbləri ona izah olunur. Lakin bundan sonra da müvafiq bəyannamələr təqdim edilmədikdə bəyannamələrin təhlilini həyata keçirən struktura müraciət olunur və vergi ödəyicisi üzrə kameral vergi yoxlaması keçirilir.
Misal 4. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən torpaq mülkiyyətçiləri barədə əldə edilmiş məlumata əsasən X müəssisəsinin balansında olan sahə 12 500 kv.m. təşkil edir, lakin Vergilər Nazirliyinin baza məlumatlarına əsasən həmin sahə 9 900 kv.m.-dir. Bu halda, müvafiq dəqiqləşdirmələrin aparılması məqsədilə, vergi ödəyicisinə bildiriş göndərilir. 5 iş günü müddətində vergi ödəyicisi tərəfindən dəqiqləşdirmə aparılmadıqda sahə təhkimçiliyini həyata keçirən struktur tərəfindən dürüstləşdirmələr aparılır və bu barədə 3 iş günü müddətində vergi ödəyicisinə məlumat verilir.

5. Yekun müddəalar

Bu Metodiki tövsiyələrdə əksini tapmış proseslər mərkəzi icra hakimiyyəti orqanları ilə münasibətdə Vergilər Nazirliyi, digər müəssisə, qurum və təşkilatlarla münasibətdə isə yerli vergi orqanları tərəfindən həyata keçirilir.




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.