Axtar
az|рус|eng
Qanunvericilik

«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

    • qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
    • Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.3-cü və 38.6-cı maddələrində nəzərdə tutulmuş səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
    • Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.7-ci maddəsində nəzərdə tutulmuş iri və xüsusi vergi rejimli müəssisələrin mərkəzləşdirilmiş uçota alınması qaydalarını təsdiq etsin;
    • Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.8-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrə əsasən xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən və daimi nümayəndəlik yaratmayan bölmələrinin, habelə bu Məcəllənin 13.2.5.3-cü maddəsinə müvafiq olaraq idarəetmə yerinə görə rezident sayılan hüquqi şəxsin vergi orqanında uçota alınması qaydalarını təsdiq etsin;
    • Azərbaycan Respublikası Vergi Məcəlləsinin 151.5-ci maddəsində nəzərdə tutulmuş əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergi ödəyicilərinin cari vergi ödənişləri qaydalarını təsdiq etsin;
    • Öz səlahiyyətləri daxilində «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

    • Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.3-cü, 33.7-ci (ikinci halda), 33.8-ci, 38.6-cı, 98.3-cü və 151.5-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
    • Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
    • Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.7-ci (birinci halda), 38.5-ci və 150.3.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın, 38.2-ci maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş «yuxarı vergi orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 150.3.2-ci maddəsində nəzərdə tutulmuş bəyannamə formasını təsdiq etsin və «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 26 dekabr 2001-ci il.

620.

«Azərbaycan» qəzetində dərc edilmişdir (29 dekabr 2001-ci il, 298).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2001-ci il, 12, maddə 766).




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.