Axtar
az|рус|eng
Qanunvericilik

«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli, 1028-IIQD nömrəli qanununun tətbiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli, 1028-IIQD nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli, 1028-IIQD nömrəli qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin iştirakı ilə xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması qaydalarının layihəsini hazırlayıb təsdiq etsin;

1.4. «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli, 169 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 12, maddə 1015) 3.2-ci bəndində nəzərdə tutulmuş müvafiq qaydaların təsdiq edilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. öz səlahiyyətləri daxilində «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli, 1028-IIQD nömrəli qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Məcəllənin 87.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli, 387 nömrəli fərmanının 3-cü bəndinin beşinci və səkkizinci abzaslarına, dördüncü bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

2.3. həmin Məcəllənin 156.2-ci maddəsində, 157.2-ci maddəsinin birinci abzasının ikinci cümləsində və dördüncü abzasında və 221.4.13-cü maddəsinin ikinci abzasında (ikinci halda) nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

2.4. həmin Məcəllənin 220.7-ci maddəsinin ikinci abzasının birinci və ikinci cümlələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

2.5. həmin Məcəllənin 221.4.7-ci maddəsində, 221.4.8-ci maddəsinin birinci abzasında və 221.4.13-cü maddəsinin birinci abzasında və ikinci abzasında (birinci halda) nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir.

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, bir ay müddətində:

3.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 156.2-ci maddəsində nəzərdə tutulmuş ərizənin, 157.2-ci maddəsinin birinci abzasının ikinci cümləsində nəzərdə tutulmuş qeydiyyat bildirişinin və dördüncü abzasında nəzərdə tutulmuş aktın formalarını müəyyən etsin;

3.2. öz səlahiyyətləri daxilində «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli, 1028-IIQD nömrəli qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə tapşırılsın ki, bir ay müddətində:

4.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş ərizə formasını və 221.4.8-ci maddəsinə müvafiq olaraq «Fərqlənmə nişanı»nın və «Xüsusi fərqlənmə nişanı»nın formalarını Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə razılaşdırmaqla təsdiq etsin;

4.2. öz səlahiyyətləri daxilində «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli, 1028-IIQD nömrəli qanunundan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, büdcə təşkilatlarının əldə etdiyi büdcədənkənar gəlirlərdən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq olaraq hesablanmalı vergilərin, o cümlədən 2006-cı il 1 yanvar tarixinə olan vergi borclarının həmin təşkilatların xərc smetalarında nəzərə alınmasını təmin etsin.

6. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən təşkilatların rəhbərlərinə tapşırılsın ki, əlavə dəyər vergisindən yayınmalarının qarşısının alınması məqsədi ilə hər ayın yekununa görə büdcə təşkilatları tərəfindən alınmış mallara (iş və xidmətlərə) görə təqdim olunan vergi hesab-fakturaları haqqında məlumatların Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müəyyən etdiyi formaya uyğun olaraq, sonrakı ayın 20-dək Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim edilməsini təmin etsinlər.

7. Dövlət mülkiyyətində olan torpaqları icarəyə vermək səlahiyyəti olan icra hakimiyyəti orqanlarının rəhbərlərinə tapşırılsın ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müəyyən etdiyi formada dövlət müəssisələri, özəlləşdirməyə açıq elan edilmiş və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqlar istisna olmaqla, icarəyə verilmiş digər torpaqlar barədə məlumatları 2006-cı il 1 yanvar tarixinə olan vəziyyətə 1 ay müddətində və bundan sonra hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim etsinlər;

8. «Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikasının Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli, 393 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 8 (üç kitabda), III kitab, maddə 616) 1-ci bəndinin beşinci abzasında «26.3-cü» rəqəmindən sonra «, 34.1-ci, 34.2-ci, 72.2-ci, 157.1-ci, 192.1-ci» rəqəmləri əlavə edilsin və həmin bəndin altıncı abzası çıxarılsın.

9. «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli, 169 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 12, maddə 1015) 2.1-ci bəndindən «və 221.4.8-ci maddəsində» sözləri çıxarılsın.

10. Bu fərman 2006-cı il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 16 dekabr 2005-ci il

330

«Azərbaycan» qəzetində dərc edilmişdir (17 dekabr 2005-ci il, 292).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (12 dekabr 2005-ci il, 12, maddə 1099).

5 mart 2008-ci il tarixli, 716 nömrəli; 11 noyabr 2008-ci il tarixli, 16 nömrəli fərmanlara əsasən dəyişikliklərlə.




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.