Axtar
az|рус|eng
Qanunvericilik

«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2006-cı il 15 dekabr tarixli 196-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında»

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2006-cı il 15 dekabr tarixli 196-IIIQD nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2006-cı il 15 dekabr tarixli 196-IIIQD nömrəli qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 109.3-cü maddəsində nəzərdə tutulmuş müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclərin, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin normalarını müəyyən etsin;

1.4. həmin Məcəllənin 124.4-cü maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasında daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqı məbləğinin minimum həddini müəyyən etsin;

1.5. həmin Məcəllənin 159.9-cu maddəsində nəzərdə tutulmuş mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin əlavə dəyər vergisi məqsədləri üçün vergi tutulan minimum dövriyyəsini müəyyən etsin;

1.6. həmin Məcəllənin 190.5-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasında istehsal olunan minik avtomobillərinə aksiz dərəcələrini müəyyən etsin; yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə aksiz dərəcələrini müəyyən etsin;

1.7. həmin Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsallarını müəyyən etsin;

1.8. öz səlahiyyətləri daxilində «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2006-cı il 15 dekabr tarixli 196-IIIQD nömrəli qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.7-ci, 109.3-cü, 124.4-cü, 159.9-cu və 220.8-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2. həmin Məcəllənin 194.2.1-ci və 221.5-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı«nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

2.3. həmin Məcəllənin 194.2.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı«nın səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin iştirakı ilə həyata keçirir.

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, iki ay müddətində:

3.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq Sazişlərin inzibatçılığı qaydalarını təsdiq etsin;

3.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 221.5-ci maddəsində nəzərdə tutulmuş bəyannamə formasını və həmin bəyannamənin doldurulması qaydalarını təsdiq etsin;

3.3. öz səlahiyyətləri daxilində «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2006-cı il 15 dekabr tarixli 196-IIIQD nömrəli qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. Yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə tapşırılsın ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müəyyən etdiyi formada mənzil tikintisi ilə məşğul olan şəxslərə ayrılmış torpaqlar və tikilməsi nəzərdə tutulan sahələr barədə məlumatları 2006-cı il 1 yanvar tarixinə olan vəziyyətə 1 ay müddətində və bundan sonra hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim etsinlər.

5. Bu fərman 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2006-cı il

501

«Respublika» qəzetində dərc edilmişdir (30 dekabr 2006-cı il, 294).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2006-cı il, 12, maddə 1048).

14 aprel 2009-cu il tarixli, 81 nömrəli Fərmana əsasən dəyişikliklər və əlavələrlə.




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.