Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikası Prezidentinin hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı bəzi fərmanlarına dəyişikliklər edilməsi və bəzi fərmanlarının qüvvədən düşmüş hesab edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli, 48 nömrəli fərmanının 3-cü bəndinə əsasən qərara alıram:

1. «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələrinin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 11 yanvar tarixli 535 nömrəli fərmanında aşağıdakı dəyişikliklər edilsin:

1.1. Fərmanın preambulasında «Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında» Azərbaycan Respublikası Qanununun» sözləri «Hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin» sözləri ilə əvəz edilsin;

1.2. Fərmanın 1-ci bəndində «10 bölgə şöbəsi» sözləri «bölgə şöbələri» sözləri ilə, 2-ci bəndində «80» rəqəmi «90» rəqəmi ilə əvəz edilsin;

1.3. Fərmanın 3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

«3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələrinin, həmçinin hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatları dərc edən və mərkəzi reyestri aparan müvafiq qurumların yerini, strukturunu və ştatlarının say tərkibini bu fərmanın 2-ci bəndində müəyyən edilmiş ştat vahidləri çərçivəsində müəyyən etsin.»;

1.4. Fərmanın 5-ci bəndinin ikinci cümləsi çıxarılsın.

2. Azərbaycan Respublikasının ərazisində təsis edilən hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə səlahiyyətlər aşağıdakı kimi müəyyən edilsin:

2.1. qeyri-kommersiya hüquqi şəxslərin, xarici qeyri-kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatı üzrə səlahiyyətləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, kommersiya hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin, habelə təhsil müəssisələrinin dövlət qeydiyyatı üzrə səlahiyyətləri Azərbaycan Respublikasının Vergilər Nazirliyinə bilavasitə tabe olan vergi orqanları, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi həyata keçirirlər;

2.2. dini qurumların dövlət qeydiyyatı üzrə səlahiyyətləri Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir;

2.3. Naxçıvan Muxtar Respublikasında təsis edilən siyasi partiyalar, dini qurumlar, xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri istisna olmaqla, digər qeyri-kommersiya hüquqi şəxslərin, habelə təhsil müəssisələrinin dövlət qeydiyyatı üzrə səlahiyyətləri Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.

3. «Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 26 may tarixli, 460 nömrəli fərmanı, «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli, 571 nömrəli fərmanının 2-ci bəndi, «Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 758 nömrəli fərmanının 8-ci bəndi və «Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 947 nömrəli fərmanının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

4. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV.

Bakı şəhəri, 2 dekabr 2004-cü il.

149.

«Azərbaycan» qəzetində dərc edilmişdir (4 dekabr 2004-cü il, 281).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2004-cü il, 12, maddə 995).

17 avqust 2006-cı il tarixli, 452 nömrəli; 28 dekabr 2007-ci il tarixli, 696 nömrəli; 15 fevral 2011-ci il tarixli, 381 nömrəli; 13 fevral 2017-ci il tarixli, 1238 nömrəli Fərmanlara əsasən dəyişikliklər və əlavələrlə.




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.