Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə

Qərar 89

Bakı şəhəri, 5 iyun 2002-ci il

«İcra haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikası Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2002-ci il, 6, maddə 374).

20 avqust 2008-ci il tarixli, 192 nömrəli; 12 noyabr 2010-cu il tarixli, 211 nömrəli Qərarlara əsasən dəyişikliklərlə .


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2002-ci il 5 iyun tarixli
89 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı

Bu Siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən aşağıdakı əmlaklara tələbin yönəldilməsinə yol verilmir:

1) borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə);

2) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsinin təsərrüfat tikililəri və ya ayrı-ayrı hissələri, həmçinin onların altında olan torpağa;

3) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə;

4) əsas məşğuliyyəti kənd təsərrüfatı olan fiziki şəxslərin hər növ mal-qara və digər ev heyvanından bir baş və ev quşlarından bir cütünə;

5) əsas məşğuliyyəti kənd təsərrüfatı olan fiziki şəxslərin yeni yem yığılanadək və ya mal-qara örüşə çıxarılanadək mal-qara üçün lazım olan yemə;

6) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu fiziki şəxslərə növbəti əkin üçün lazım olan toxuma;

7) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu fiziki şəxs və onun ailəsi üçün yeni məhsul yetişdirilənədək zəruri olan azuqəyə, digər borclular üçün isə bir aylıq dolanışıq azuqəsinə;

8) xörək hazırlamaq və ailənin yaşayış mənzilini qızdırmaq üçün mühüm əhəmiyyəti olmayan qızdırıcı soba və mövsüm ərzində lazım olan yanacağa;

9) borclunun peşə fəaliyyətinin davam etdirilməsi üçün zəruri olan avadanlıq, o cümlədən ixtisas üzrə kitablar və vəsaitlərə;

10) əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların hərəkəti üçün xüsusi nəqliyyat vasitələrinə;

11) əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silah, döyüş sursatı və digər ov alətlərinə;

12) borclu və onun ailə üzvlərinin qazandıqları beynəlxalq və başqa prizlərə;

13) borclu və onun ailə üzvləri üçün lazım olan aşağıdakı ev avadanlıqları, əşyalar və paltarlara:

a) hər bir şəxs üçün paltar: bir yay, bir payız paltarı, bir qış paltosu və ya başqa üst geyimi, bir qış kostyumu (qadınlar üçün iki dəst qış paltarı), bir yay kostyumu (qadınlar üçün iki dəst yay paltarı), hər bir mövsüm üçün bir baş geyimi (qadınlar üçün bundan əlavə yay üçün iki baş yaylığı və bir isti baş yaylığı və ya baş şalı), uzun müddət istifadə edilmiş və qiymətini itirmiş digər paltar və baş geyimləri;

b) geyilmiş ayaqqabı, alt paltarı, istifadə edilmiş yataq ləvazimatı, qiymətli materiallardan hazırlanmış, habelə bədii dəyəri olan şeylər istisna edilməklə qab-qacaq və mətbəx ləvazimatı;

c) mebel — hər bir şəxs üçün bir çarpayı və stul, bir ailə üçün bir stol, bir şkaf, bir sandıq, mənzildə olan bir soyuducu, bir radio və bir televizor;

ç) bütün uşaq ləvazimatı.


Qeyd. Bu Siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə girov və ipoteka ilə yüklü edilmiş əmlaka şamil edilmir.





Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.