Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında

Qərar 98

Bakı şəhəri, 24 iyun 2002-ci il

«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanının 1-ci bəndinin dördüncü abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 iyun 2002-ci il, 6, maddə 382).


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2002-ci il 24 iyun tarixli
98 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması
Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalarda «dövlət rusumunun ödəyicisi» dedikdə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş işlərin görülməsi, xidmətlərin göstərilməsi və hüquqların əldə edilməsi üçün rüsum ödəyən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslər nəzərdə tutulur.

1.3. Bu Qaydalarda «dövlət rüsumunu tutan orqan» dedikdə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada müəssisə, təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunu tutan dövlət orqanı nəzərdə tutulur.

2. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması halları

2.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır:

2.1.1. dövlət rüsumu qanunla müəyyən edilmiş miqdardan artıq ödənildikdə;

2.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə;

2.1.3. məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə.

2.2. Bu Qaydaların 2.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytırılır.

3. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması müddətləri

3.1. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin yazılı müraciətinə əsasən 45 gün müddətində qaytarılır.

3.2. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün müəyyən edilmiş 45 günlük müddət dövlət rüsumunu tutan orqana bu barədə ərizə verildiyi gündən vəsaitin müvafiq dövlət xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir.

3.3. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün 5 il ərzində iddia verilə bilər.

4. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün müraciətin qaydası

4.1. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir.

4.2. Dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 15 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir.

Dövlət rüsumunun düzgün tutulmaması və ya artıq ödənilməsi təsdiq edilmədiyi halda, bu barədə dövlət rüsumunu tutan orqan 5 gün müddətində dövlət rüsumunun ödəyicisinə məlumat verməlidir.

5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üzrə vergi orqanının hərəkətləri

5.1. Vergi orqanı dövlət rüsumunu tutan orqanın düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu haqqında arayışındakı məlumatlar ilə həmin orqanın dövlət büdcəsinə ödədiyi rüsum məbləğləri barədə məlumatları müqayisə edir.

5.2. Müqayisə nəticəsində kənarlaşma aşkar olunmadıqda, vergi orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması barədə müvafiq qaydada təsdiq olunmuş 4 nüsxədə rəy tərtib edir.

5.3. Tərtib olunmuş rəyin 2 nüsxəsi dövlət rüsumunu tutan orqanın arayışının daxil olduğu tarixdən 15 gün müddətində düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu məbləğini qaytarmalı olan müvafiq yerli maliyyə orqanına göndərilir.

5.4. Tərtib olunmuş rəy nəticəsində büdcədən faktiki qaytarılmış rüsum məbləğləri maliyyə orqanlarının rəsmi məlumatlarına əsasən büdcə daxilolmaları barədə müvafiq hesabatlarda nəzərə alınır.

5.5. Dövlət rüsumunun səhvən qaytarıldığı bütün hallarda vergi orqanı qanunvericiliklə müəyyən edilmiş qaydada həmin məbləğlərin ödənilməsini tələb etməlidir.

6. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üzrə maliyyə orqanının hərəkətləri

6.1. Maliyyə orqanı vergi orqanı tərəfindən verilmiş rəyləri qəbul edir, zərurət yarandıqda maliyyə orqanı əlavə məlumatlar tələb edə bilər.

6.2. Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanı tərəfindən təqdim olunmuş rəylərin bir nüsxəsi 5 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

6.3. Maliyyə orqanı düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunu tutan orqanın qeydiyyatda olduğu müvafiq vergi orqanından və həmin məbləğlərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılmasını təmin edir.

6.4. Maliyyə orqanı vergi orqanına düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarıldığı barədə 5 gün müddətində məlumat verir.

6.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu qaytarılarkən dövlət büdcəsinin mədaxili düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun faktiki qaytarılmış məbləği qədər azaldılır.




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.