Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikası Nazirlər Kabineti

Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının yaradılması haqqında

Qərar 138

Bakı şəhəri, 12 iyun 1995-ci il

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında pul dövriyyəsinin yaxşılaşdırılması üzrə əlavə tədbirlər haqqında» 1994-cü il 5 fevral tarixli 109 nömrəli Fərmanına və Azərbaycan Respublikası Milli Məclisinin «Respublikada pul dövriyyəsini sabitləşdirmək haqqında» 1995-ci il 28 mart tarixli qərarına uyğun olaraq Respublikada pul tədavülünü yaxşılaşdırmaq, pulun rəsmi bank dövriyyəsinə cəlb olunmasını təmin etmək məqsədilə, respublika ərazisində nəzarət-kassa aparatlarının tətbiq edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası ərazisində istifadə olunacaq nəzarət-kassa aparatlarının Dövlət reyestrinin yaradılması, istehsalı və tətbiq edilməsinin təşkili məqsədilə nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyası yaradılsın və əlavə göstərilən tərkibdə təsdiq edilsin.

2. Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasına tapşırılsın ki:

    • 10 gün müddətində komissiyanın əsasnaməsini hazırlayıb Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etsin;
    • respublika ərazisində tətbiq ediləcək nəzarət-kassa aparatlarının texniki şərtlərinin hazırlanması üçün 15 gün müddətində mütəxəssislərdən ibarət işçi qrupu yaratsın;
    • bir ay müddətində qəbul olunan texniki şərtlər da-xilində respublika ərazisində istifadə olunacaq nəzarət-kassa aparatlarının reyestrini hazırlasın və təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim etsin;
    • bir ay müddətində «Azərbaycan Respublikası ərazisində nəzarət-kassa aparatlarının satılması, texniki xidmət göstərilməsi və təmiri haqqında» əsasnaməni işləyib hazırlasın və təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim etsin;
    • nəzarət-kassa maşınlarının tətbiqi sahəsində digər dövlətlərin təcrübəsini öyrənib hökumətə məruzə təqdim etsin;
    • «Əhali ilə nağd pul hesablaşmalarının aparılmasında nəzarət-kassa aparatlarının tətbiq edilməsi qaydaları»nı və «Spesifik fəaliyyəti və yerləşdiyi ərazisinin xüsusiyyətlərinə görə nəzarət-kassa maşınları tətbiq etmədən əhali ilə nağd pul hesablaşmaları aparılmasına icazə verilən bəzi kateqoriya müəssisələrin (o cümlədən hüquqi şəxs yaratmadan ticarət əməliyyatları aparan və xidmət göstərən fiziki şəxslər) siyahısı»nı işləyib hazırlasın və təsdiq olunmaq məqsədilə Nazirlər Kabinetinə təqdim etsin.

3. Azərbaycan Respublikası Maliyyə Nazirliyi bir ay müddətində:

    • Azərbaycan Respublikası Ticarət Nazirliyi, Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi, Baş Dövlət Vergi Müfəttişliyi, Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi və Milli Bankla birlikdə nəzarət-kassa aparatlarının nümunəvi istismar qaydalarını (əhalidən nağd pulun qəbul edilmə qaydaları, nəzarət-kassa maşınlarının əsas istismar qaydaları, kassirin işinə tələblər, xidmət təşkilatlarının və mexaniklərin nəzarət-kassa aparatlarının təmiri və texniki xidməti üçün məsuliyyəti);
    • aidiyyəti nazirlik, idarə, təşkilat və müəssisələrin təqdimatları əsasında əhali ilə hesablaşmalarda nağd pul vəsaitlərinin qeydiyyatı üçün istifadə ediləcək hesabat sənədlərinin formalarını (o cümlədən qəbz, putyovka, bilet, talon, poçt ödənişləri nişanları) işləyib hazırlasın və təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim etsin.

4. Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Baş Dövlət Vergi Müfəttişliyi 10 gün müddətində 1995-ci ilin sonuna kimi müəssisə, təşkilat və idarələr üzrə nəzarət-kassa maşınlarının tətbiq edilmə qrafikini tərtib edib Nazirlər Kabinetinə təqdim etsinlər.

5. Baş Dövlət Vergi Müfəttişliyinə tapşırılsın ki, 20 gün müddətində nəzarət-kassa aparatlarının qeydiyyat qaydalarını işləyib hazırlasın və təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim etsin.

6. Bu qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin iqtisadiyyat və maliyyə-kredit siyasəti, ticarət və pullu xidmətlər, müdafiə və müdafiə sənayesi şöbələrinə tapşırılsın.

Baş nazir

F. QULİYEV.

3 sentyabr 2001-ci il tarixli, 145 nömrəli; 22 aprel 2006-cı il tarixli, 114 nömrəli; 5 iyun 2014-cü il, 181 nömrəli; 29 mart 2017-ci il tarixli, 114 nömrəli Qərarlara əsasən dəyişikliklərlə.


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1995-ci il 12 iyun tarixli
138 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının
Tərkibi

Komissiyanın sədri — vergilər naziri

Komissiya sədrinin müavini — maliyyə nazirinin müavini

Komissiyanın üzvləri:

İqtisadiyyat və Sənaye Nazirliyinin iqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsi müdirinin müavini

Vergilər Nazirliyinin Operativ nəzarət idarəsinin rəisi

Maliyyə Nazirliyinin Uçot siyasəti idarəsinin rəisi

Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin Elm və texnika şöbəsinin rəisi

Dövlət Statistika Komitəsi sədrinin müavini

Milli Bankın Nağd pulla iş departamentinin direktoru

Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin Ölçü vasitələrinin dövlət sınağı və metroloji attestasiya şöbəsinin rəisi

Azərittifaqın sədr müavini


Komissiyanın sədri — Azərbaycan Respublikasının vergilər naziri

Komissiya sədrinin müavini Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Komissiyanın üzvləri:

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Aparatının qiymət statistikası şöbəsinin müdiri

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin baş direktoru

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Metrologiya şöbəsinin müdiri

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin STrateji planlaşdırma və proqnozlaşdırma şöbəsi müdirinin müavini 

Azərbaycan Respublikası Milli Bankın Nağd pul departamentinin direktoru

Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı sədrinin müavini  



Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.