Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikası ərazisində əhali ilə nağd pul hesablaşmalarının aparılmasında nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında

Qərar 168

Bakı şəhəri, 18 iyul 1995-ci il

Ticarət və xidmət sahələrində əhalidən ödənc şəklində daxil olan nağd pul vəsaitlərinin qəbulunu və qeydiyyatını qaydaya salmaq, pul dövriyyəsini möhkəmləndirmək, vergilərin yığılıb büdcəyə daxil olmasını təmin etmək və istehlakçıların hüquqlarını müdafiə etmək məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. 1 noyabr 1995-ci il tarixindən Azərbaycan Respublikası ərazisində hüquqi-təşkilatı və mülkiyyət formalarından, habelə tabeliyindən asılı olmayaraq bütün ticarət, ictimai-iaşə və xidmət obyektlərində əhali ilə nağd pul hesablaşmalarının aparılmasında nəzarət-kassa aparatlarının tətbiqinə başlanılsın və bu iş 1 yanvar 1997-ci il tarixinə kimi başa çatdırılsın.

2. Müəyyən edilsin ki, respublikanın müvafiq ərazilərində nəzarət-kassa aparatlarının tətbiqinə keçid dövrü başa çatdıqdan sonra, onlardan istifadə etməyən obyektlərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dayandırılır.

3. 1 yanvar 1996-cı il tarixindən başlayaraq, yeni yaradılan ticarət, ictimai-iaşə və xidmət obyektlərində Dövlət Reyestrinə daxil edilmiş nəzarət-kassa aparatları olmadıqda, onların qeydə alınması və fəaliyyəti qadağandır.

4. Müəyyən edilsin ki, qərarın birinci bəndi «Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyası tərəfindən müəyyənləşdirilən və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən «Spesifik fəaliyyəti və yerləşdiyi ərazinin xüsusiyyətlərinə görə nəzarət-kassa aparatları tətbiq etmədən əhali ilə pul hesablaşmaları aparılmasına icazə verilən bəzi kateqoriya müəssisələrin (o cümlədən hüquqi şəxs yaratmadan ticarət əməliyyatları aparan və xidmət göstərən fiziki şəxslər) siyahısı»-na uyğun gələn müəssisə, təşkilat, ticarət, ictimai-iaşə və xidmət obyektlərinə aid edilmir.

5. «Azərbaycan Respublikası nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyası haqqında» Əsasnamə əlavəyə uyğun olaraq təsdiq edilsin.

6. Nəzarət-kassa aparatlarının respublikanın uyğun texnoloji imkanlarına malik müəssisələrində istehsalının yaranmış iqtisadi böhran şəraitində xüsusi əhəmiyyətini nəzərə alaraq, texniki göstəriciləri «Azərbaycan Respublikası ərazisində ticarət, ictimai-iaşə və xidmət obyektlərində əhali ilə pul hesablaşmaları aparılması üçün nəzarət-kassa aparatlarının texniki tələbləri»-nə uyğun olan və respublika müəssisələrində istehsalı nəzərdə tutulan «SILEX»«BECO/CASIO-108 SR» tipli nəzarət-kassa aparatlarının Azərbaycan Respublikası ərazisində istifadəsinə icazə verilsin.

7. Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasına tapşırılsın ki, 1 oktyabr 1995-ci il tarixinədək:

    • Azərbaycan Respublikası ərazisində istifadəsinə icazə verilən nəzarət-kassa aparatlarının Dövlət reyestrinin tətbiq edilməsi üçün nəzarət-kassa aparatlarının Dövlət reyestrinə daxil edilməsi haqqında ərizələrin qəbulunu nizama salan sənədlərin siyahısını müəyyənləşdirsin və Dövlət reyestrinin layihəsini təsdiq edilmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etsin;
    • 1 yanvar 1997-ci il tarixinə kimi ticarət, ictimai-iaşə və xidmət obyektlərində nəzarət-kassa aparatlarının mərhələlərlə tətbiq edilməsi konsepsiyasını və Azərbaycan Respublikası ərazisində obyektlərin nəzarət-kassa aparatları ilə təmin edilməsinə dair tədbirlər planını işləyib hazırlasın və təsdiq edilmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etsin;
    • nəzarət-kassa aparatlarını texniki xidmət mərkəzlərinin və məntəqələrinin yaradılmasına dair tədbirlər planını işləyib hazırlasın və təsdiq olunmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etsin;
    • nəzarət orqanlarının nümayəndələrinə və istifadəçilərə nəzarət-kassa aparatları ilə iş qaydalarının öyrədilməsinə dair tədbirlər planı işləyib hazırlasın və təsdiq edilmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etsin.

8. Azərbaycan Respublikası ərazisində nəzarət-kassa aparatlarının tətbiqi Vergilər Nazirliyinə həvalə edilsin.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, rayon və şəhər icra hakimiyyəti başçılarına tapşırılsın ki, yerlərdə nəzarət-kassa aparatlarına texniki xidmət mərkəzlərinin və məntəqələrinin yaradılmasına, dövlət qeydiyyatına alınmasına və fəaliyyət göstərmələrinə kömək göstərsinlər.

10. Bu qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin iqtisadiyyat və maliyyə-kredit siyasəti, ticarət və pullu xidmətlər, müdafiə və müdafiə sənayesi şöbələrinə tapşırılsın.

Baş nazir

F.QULİYEV

3 sentyabr 2001-ci il tarixli, 145 nömrəli; 16 avqust 2004-cü il tarixli, 114 nömrəli; 28 fevral 2007-ci il tarixli, 42 nömrəli qərarlara əsasən əlavələr və dəyişikliklərlə.


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
18 iyul 1995-ci il tarixli,
168 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Azərbaycan Respublikası nəzarət-kassa aparatları üzrə
sahələrarası ekspert Komissiyası haqqında
Əsasnamə

Əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının yaradılması haqqında» 12 may 1995-ci il tarixli 138 nömrəli qərarına müvafiq olaraq işlənib hazırlanmışdır.

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasında nəzarət-kassa aparatları üzrə ekspert sahələrarası komissiyası (bundan sonra Komissiya adlandırılacaq) öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Milli Məclisin qərarlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

2. Komissiyanın məqsədləri

2.1. Komissiya Azərbaycan Respublikasında malların satışından, göstərilən xidmət və işlər üçün əhalidən daxil olmuş nağd pulun qəbulu və qeydiyyatının qaydaya salınması, pul dövriyyəsinin möhkəmləndirilməsi, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə hüquqi-təşkilati və mülkiyyət formasından, habelə tabeliyindən asılı olmayaraq ticarət, ictimai-iaşə və xidmət sahəsi obyektlərində nəzarət-kassa aparatlarının tətbiqini həyata keçirir.

3. Komissiyanın əsas vəzifələri

3.1. Komissiyanın əsas vəzifələri aşağıdakılardır:

3.1.1. Azərbaycan Respublikasında istifadəsinə icazə verilən nəzarət-kassa aparatları üçün texniki tələblərin işlənib hazırlanması və təsdiq edilməsi.

3.1.2. Azərbaycan Respublikasında ticarət, ictimai-iaşə və xidmət sahəsi müəssisələrində istifadəsinə icazə verilən nəzarət-kassa aparatlarının modellərinin Dövlət reyestrinə daxil edilməsi və mənəvi köhnəlmiş, yeni tələblərə uyğun gəlməyən nəzarət-kassa aparatları modellərinin Dövlət reyestrindən çıxarılması.

3.1.3. Azərbaycan Respublikasında bütün obyektlərin nəzarət-kassa aparatları ilə təmin edilməsi üzrə tədbirlər planının hazırlanması.

3.1.4. Ticarət, ictimai-iaşə və xidmət obyektlərində nəzarət-kassa aparatlarının mərəhələlər üzrə tətbiqi konsepsiyasının hazırlanması və müddətlərinin müəyyənləşdirilməsi.

3.1.5. Əhali ilə nağd pul hesablaşmaları aparılmasında istifadəsinə icazə verilən nəzarət-kassa aparatlarının istismar qaydalarının hazırlanması.

3.1.6. Ticarət, ictimai-iaşə və xidmət obyektlərində nəzarət-kassa aparatlarından istifadə edilməsinin stimullaşdırılması sahəsində tövsiyələrin hazırlanması.

3.1.7. Azərbaycan Respublikasında istifadəsinə icazə verilən nəzarət-kassa aparatlarına texniki tələbi artırmaqla, nəzarət-kassa aparatlarının texniki səviyyəsinin, keyfiyyətinin və rəqabət qabiliyyətinin aşağı düşməsini aradan qaldırmaq məqsədilə tövsiyyələrin işlənib hazırlanması.

3.1.8. Ticarət, ictimai-iaşə və xidmət obyektlərinin nəzarət-kassa aparatları ilə təmin edilməsi, istehsalı və istifadəsi üzrə sahələrarası məsələlərin həlli üzrə tövsiyələrin hazırlanması.

3.1.9. Azərbaycan Respublikasında istifadəsinə icazə verilmiş nəzarət-kassa aparatlarının, yerləşdikləri inzibati ərazidən və ümumi sahəsindən asılı olaraq ticarət, ictimai-iaşə və xidmət müəssisələri üzrə tətbiq olunan modellərin müəyyənləşdirilməsi;

3.1.10. İstifadəsinə icazə verilmiş nəzarət-kassa aparatlarının Dövlət reyestri üzrə ümumi qeydiyyatın aparılması üçün məlumatların Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim edilməsi.

4. Komissiyanın funksiyaları

4.1. Komissiya ona tapşırılan vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

4.1.1. Ticarət, ictimai-iaşə və xidmət obyektlərinin nəzarət-kassa aparatları ilə təmin olunması, Azərbaycan Respublikasının müəssisələrində nəzarət-kassa aparatlarının istehsalı, habelə nəzarət-kassa aparatlarından istifadə olunması üzrə nazirlik, idarə, müəssisə və təşkilatların işlərini əlaqələndirir.

4.1.2. Azərbaycan Respublikasında istifadəsinə icazə verilən nəzarət-kassa aparatlarının sınaqdan keçməsini və ekspertizasını təşkil edir.

4.1.3. Yeni modellərin Dövlət reyestrinə daxil olunması haqqında sifarişlərə baxır və öz səlahiyyətləri çərçivəsində qərarlar qəbul edir, mənəvi köhnəlmiş və texniki tələblərə uyğun gəlməyən nəzarət-kassa aparatlarının istifadəsi üçün son müddəti müəyyən edir.

4.1.4. Nəzarət-kassa aparatlarının tətbiqi, iş qabiliyyətinin saxlanması və istismarı məsələləri üzrə müxtəlif nazirlik və baş idarələrin fəaliyyətini qarşılıqlı əlaqələndirir.

4.1.5. Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarına servis xidməti və təmiri şəbəkəsinin yaradılması üzrə işləri əlaqələndirir.

4.1.6. Ticarət, ictimai-iaşə və xidmət obyektlərində nəzarət-kassa aparatlarınin istifadə olunmasına nəzarəti əlaqələndirir.

4.1.7. Ticarət, ictimai-iaşə və xidmət obyektlərində nəzarət-kassa aparatlarınin tətbiqi və istismarı üzrə bütün lazımi informasiyanı Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edir.

5. Komissiyanın hüquqları

5.1. Komissiya aşağıdakı hüquqlara malikdir:

5.1.1. Nazirliklər, baş idarələr, müəssisə və təşkilatlardan sahələrarası ekspert komissiyasının səlahiyyətlərinə daxil olan məsələlər üzrə məlumatları soruşmaq və almaq.

5.1.2. Nəzarət-kassa aparatlarının tətbiqi, istehsalı və istismarı üzrə nazirliklər, baş idarə, müəssisə və təşkilatların rəhbərlərinin məlumatlarını dinləmək.

5.1.3. Azərbaycan Respublikasında nazirliklər, baş idarələr, müəssisə və təşkilatlar, habelə hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər tərəfindən icrası məcburi olan nəzarət-kassa aparatlarının tətbiqi və istismarının müvafiq qaydada təmin edilməsinin bütün məsələləri üzrə tövsiyyələr hazırlamaq.

5.1.4. Lazım gəldikdə, texniki nəzarət funksiyalarını həyata keçirən işçi qrupları yaratmaq və bunların işində iştirak etmək üçün mülkiyyət və tabelik formasından asılı olmayaraq, müəssisələrin mütəxəssislərini müəyyən edilmiş qaydada cəlb etmək.

6. Komissiyanın tərkibi

6.1. Komissiyanın fərdi tərkibi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir və onun qərarı ilə təsdiq edilir.

6.2. Komissiyanın işinə sahələrarası ekspert komissiyasının sədri rəhbərlik edir.

6.3. Sahələrarası ekspert komissiyasının sədri:

    • komissiyaya həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi işini təşkil edir və məsuliyyət daşıyır;
    • nəzarət-kassa aparatlarının tətbiqinin, istehsalının və istismarının təmin edilməsi üzrə Komissiyanın fəaliyyəti və işlərin vəziyyəti haqqında Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında hesabat verir.

7. Komissiyanın qərarlar qəbul etməsi qaydası

7.1. Komissiyanın bütün qərarları onun iclaslarında Komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

7.2. Sahələrarası ekspert komissiyasının iclaslarını onun sədri, onun olmadığı vaxtlarda isə sahələrarası ekspert komissiyasının sədr müavini aparır.

7.3. Sahələrarası ekspert komissiyasının iclaslarının protokolları və digər məlumatları onun üzvlərinə, habelə maraqlı təşkilatlara iclasın keçirildiyi gündən 5 gün ərzində materialların göndərilməsi yolu ilə çatdırılır.





Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.