Axtar
az|рус|eng
Qanunvericilik

«Ailə kəndli təsərrüfatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Ailə kəndli təsərrüfatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «Ailə kəndli təsərrüfatı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. «Ailə kəndli təsərrüfatı haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. həmin qanunun 1.5-ci və 12.1.1-ci maddələrində nəzərdə tutulmuş ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş ailə kəndli təsərrüfatının uçotunun aparılması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin formasını və verilmə qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. həmin qanunun 8.1.7-ci, 8.1.8-ci, 10.2-ci və 14-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.8. öz səlahiyyətləri daxilində «Ailə kəndli təsərrüfatı haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, «Ailə kəndli təsərrüfatı haqqında» Azərbaycan Respublikası Qanununun 1.5-ci, 5.1-ci, 5.2-ci, 9.4-cü və 12.1.1-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

3. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 22 noyabr 2005-ci il

319

«Azərbaycan» qəzetində dərc edilmişdir (23 noyabr 2005-ci il, 271).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 2005-ci il, 11, maddə 1014).




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.