Axtar
az|рус|eng
Qanunvericilik

«İxrac nəzarəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«İxrac nəzarəti haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «İxrac nəzarəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanunun 6.1-ci maddəsinə müvafiq olaraq, ixrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin siyahısını müəyyənləşdirib Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. həmin Qanunun 7.2.3-cü maddəsinə uyğun olaraq, ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ayrı-ayrı dövlətlərə ixrac rejimlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanunun 7.3-cü maddəsində nəzərdə tutulmuş ixrac nəzarətinin aparılması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanunun 9.1-ci, 10-cu (birinci halda), 11-ci (ikinci halda) və 12.1-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.7. həmin Qanunun 9.2-ci maddəsinə uyğun olaraq, mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.8. həmin Qanunun 10-cu maddəsinə uyğun olaraq, ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi əlaqələrin həyata keçirilməsinə xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaların aparılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.9. həmin Qanunun 11-ci maddəsinə uyğun olaraq, ikili təyinatlı mallardan (işlərdən, xidmətlərdən, əqli fəaliyyətin nəticələrindən) sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarətin həyata keçirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.10. İxrac nəzarəti haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.11. İxrac nəzarəti üzrə Komissiyanın və İdarələrarası ekspertlər qrupunun yaradılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.12. öz səlahiyyətləri daxilində «İxrac nəzarəti haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. «İxrac nəzarəti haqqında» Azərbaycan Respublikası Qanununun 5.0.5-ci maddəsində və 8.2-ci maddəsində (ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracına qadağa qoyulmuş dövlətlərin, habelə onlara ixracı qadağan edilən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) siyahısının müəyyən edilməsinə aid hissəsində) nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. «İxrac nəzarəti haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsində və 8.2-ci maddəsində (ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracına qadağa qoyulmuş son istifadəçilərin, habelə onlara ixracı qadağan edilən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) siyahısının müəyyən edilməsinə aid hissəsində) nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. «İxrac nəzarəti haqqında» Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsində, 9.2-ci maddəsində, 10-cu maddəsində (ikinci halda) və 11-ci maddəsində (birinci halda) nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV.

Bakı şəhəri, 29 dekabr 2004-cü il.

167.

«Azərbaycan» qəzetində dərc edilmişdir (5 yanvar 2005-ci il, 2).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2004-cü il, 12, maddə 1013).




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.