Axtar
az|рус|eng
Qanunvericilik

"Əməliyyat-axtarış fəaliyyəti haqqnnda" Azərbaycan Respublikası Qanununun Tətbiq edilməsi barədə

"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun Tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin II hissəsinə müvafiq olaraq həmin qanunun 10-cu maddəsinin I hissəsində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin hansı təhqiqat orqanı tərəfindən və hansı həcmdə tətbiq edilməsi barəsində təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

həmin qanunun 10-cu maddəsinin IX hissəsində nəzərdə tutulmuş əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin işlənilməsi, istehsalı, satışı, alınması, ölkəyə gətirilməsi və ölkədən çıxarılması üçün xüsusi razılıq (lisenziya) verilməsi qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

həmin qanunun 10-cu maddəsinin X hissəsində nəzərdə tutulmuş gizli informasiya alınması üçün xüsusi texniki vasitələrin növlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

həmin qanunun 18-ci maddəsinin II hissəsində nəzərdə tutulmuş əməliyyat-axtarış fəaliyyəti üçün vəsaitlərin xərclənməsi qaydalarını və normalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

həmin qanunun 18-ci maddəsinin III hissəsində nəzərdə tutulmuş əməliyyat-axtarış subyektlərinin maddi-texniki təminatının qaydalarını və normalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

öz səlahiyyətləri daxilində "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin II hissəsində və 10-cu maddəsinin IX hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının prezidenti həyata keçirir;[1]

həmin qanunun 10-cu maddəsinin X hissəsində, 18-ci maddəsinin II və III hissələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [2]

[3]həmin qanunun 5-ci maddəsinin IV hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi), Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirirlər;[4]

həmin Qanunun 14-2-ci maddəsinin II hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanları nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirirlər.[5]

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 11 noyabr 1999-cu il

206

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       24 avqust 2002-ci il tarixli 758 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 8, maddə 478)

2.       19 aprel 2005-ci il tarixli 224 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 4, maddə 299)

3.       28 fevral 2006-cı il tarixli 375 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 2, maddə 92)

4.       12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 13 sentyabr 2008-ci il, 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 9, maddə 798)

5.       27 iyul 2011-ci il tarixli 482 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 29 iyul 2011-ci il, 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 07, maddə 644)

6.       14 may 2014-cü il tarixli 163 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 15 may 2014-cü il, 100; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 05, maddə 476)

7.       21 avqust 2017-ci il tarixli 1579 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Xalq qəzeti, 23 avqust 2017-ci il, 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1526)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 


[1] 12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 13 sentyabr 2008-ci il, 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 9, maddə 798) ilə ikinci abzasında II hissəsində sözlərindən sonra və 10-cu maddəsinin IX hissəsində sözləri əlavə edilmişdir.

 

27 iyul 2011-ci il tarixli 482 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 29 iyul 2011-ci il, 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 07, maddə 644) ilə 2-ci hissəsinin ikinci abzasından və 10-cu maddəsinin IX hissəsində sözləri çıxarılmışdır.

 

[2] 12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 13 sentyabr 2008-ci il, 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 9, maddə 798) ilə üçüncü abzasında 10-cu maddəsinin IX və X hissələrində sözləri 10-cu maddəsinin X hissəsində sözləri ilə əvəz edilmişdir.

 

[3] 28 fevral 2006-cı il tarixli 375 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 2, maddə 92) ilə 2-ci bəndin dördüncü abzasında "Ədliyyə Nazirliyi (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi)" sözlərindən sonra Azərbyacan Respublikasının Fövqəladə Hallar Nazirliyi sözləri əlavə edilmişdir.

 

[4] 24 avqust 2002-ci il tarixli 758 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 8, maddə 478) ilə 2-ci bəndin dördüncü abzasında "Ədliyyə Nazirliyi" sözlərindən sonra "(Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi)" sözləri əlavə edilmişdir.

19 aprel 2005-ci il tarixli 224 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 4, maddə 299) ilə 2-ci bəndin dördüncü abzasından ", Azərbaycan Respublikası Hərbi Əks-kəşfiyyat Xidməti" sözləri çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

həmin qanunun 5-ci maddəsinin IV hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikası Hərbi Əks-Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi), Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirirlər.

21 avqust 2017-ci il tarixli 1579 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Xalq qəzeti, 23 avqust 2017-ci il, 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1526) ilə 2-ci hissəsinin dördüncü abzasdan Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, sözləri çıxarılmışdır, həmin abzasda öz səlahiyyətləri daxilində sözləri Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanına uyğun olaraq sözləri ilə, Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsi sözləri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti sözləri ilə əvəz edilmişdir.

 

[5] 14 may 2014-cü il tarixli 163 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 15 may 2014-cü il, 100; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 05, maddə 476) ilə 2-ci hissəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və həmin hissəyə yeni məzmunda beşinci abzas əlavə edilmişdir.

21 avqust 2017-ci il tarixli 1579 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Xalq qəzeti, 23 avqust 2017-ci il, 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1526) ilə 2-ci hissəsinin beşinci abzasda Milli Təhlükəsizlik Nazirliyi sözləri Dövlət Təhlükəsizliyi Xidməti sözləri ilə əvəz edilmişdir.

 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.