Axtar
az|рус|eng
Qanunvericilik

Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası nın təsdiq edilməsi barədə

Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.3.13-cü yarımbəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 7 may 2012-ci il

96

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2012-ci il 7 may

tarixli 96 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması

 

Q A Y D A S I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 242.5-ci maddəsinə əsasən hazırlanmışdır və əlavə dəyər vergisi (bundan sonra - ƏDV) üzrə gömrük borcunun məbləğinin hesablanması qaydasını müəyyən edir.

1.2. Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra - gömrük ərazisi) gətirilən və bu ərazidən aparılan mallara ƏDV Gömrük Məcəlləsinə və Vergi Məcəlləsinə uyğun olaraq tətbiq edilir.

1.3. ƏDV üzrə gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilər.

1.4. ƏDV üzrə gömrük borcu Azərbaycan Respublikasının milli valyutası ilə ödənilir.

1.5. Xarici valyutanın Azərbaycan Respublikasının milli valyutasına çevrilməsi, bəyannamənin qəbul edildiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnələrlə hesablanır.

1.6. ƏDV üzrə gömrük borcu gömrük orqanına yalnız bank, poçt və ya plastik kart vasitəsilə, beynəlxalq poçt göndərişləri ilə göndərilən mallar üçün isə poçt rabitəsi operatorlarına qanunvericiliklə müəyyən edilmiş ödəniş vasitələri ilə ödənilir.

 

2. ƏDV üzrə gömrük borcunun ödənilməsinə görə məsul şəxs

 

2.1. Azərbaycan Respublikasının gömrük orqanlarına (bundan sonra - gömrük orqanları) gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxslər ƏDV üzrə gömrük borcunun ödəyicisi hesab edilirlər.

2.2. Mallardan istifadə edilməsi və onlara dair sərəncam verilməsi haqqında, o cümlədən müvafiq gömrük proseduruna uyğun olaraq, gömrük ödənişlərindən tamamilə və ya qismən azad edilmiş mallardan təyinatı üzrə istifadə edilməsi barədə Gömrük Məcəlləsində nəzərdə tutulmuş tələblərə riayət olunmadığı halda, müvafiq gömrük prosedurlarının tələblərini yerinə yetirməli olan şəxs həmin mallar üçün hesablanmış ƏDV üzrə gömrük borcunun ödənilməsinə görə məsul şəxs hesab edilir.

 

3. ƏDV üzrə gömrük borcunun hesablanması qaydası

 

3.1. ƏDV üzrə gömrük borcunun hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan vergi dərəcəsi əsas götürülür.

3.2. ƏDV üzrə gömrük borcunun məbləği hesablanarkən, malların Gömrük Məcəlləsi və Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyərinin, aksiz vergisinin və gömrük rüsumlarının məbləğinin cəmi əsas götürülür.

3.3. Malların gömrük rəsmiləşdirilməsi zamanı müəyyən edilmiş gömrük dəyərini D , aksiz vergisini A , gömrük rüsumlarını R , qüvvədə olan vergi dərəcəsini isə - V hərfi ilə işarə etsək, onda ƏDV-nin məbləği aşağıdakı qaydada hesablanacaqdır:

 

ƏDV = (D + A + R) x V/100

 

4. ƏDV üzrə gömrük borcunun ödənilməsi müddətləri

 

4.1. ƏDV üzrə gömrük borcu gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq edilənədək və ya gömrük bəyannaməsinin təsdiqi ilə eyni vaxtda ödənilir.

4.2. Kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara hesablanmış ƏDV üzrə gömrük borcu həmin mallar gömrük sərhədindən keçirilərkən sadələşdirilmiş bəyannamənin təsdiqi ilə eyni vaxtda ödənilir.

4.3. Gömrük bəyannaməsinin verilməsi gecikdirildikdə, ƏDV üzrə gömrük borcunun ödənilməsi müddəti gömrük bəyannaməsinin verilməsi üçün müəyyən edilən müddətin başa çatdığı gündən hesablanır.

4.4. Gömrük Məcəlləsinin 156.2-ci maddəsində nəzərdə tutulan dövri bəyannamə verildiyi halda, ƏDV üzrə gömrük borcu mallar müvafiq gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq ödənilməlidir.




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.