Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin Elektron hökumət portalında yerləşdirilməsi Qaydaları nın təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin Elektron hökumət portalında yerləşdirilməsi Qaydaları nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına baxılması, qəbul edilməsi və təsdiqi qaydası haqqında Əsasnamə nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli 483 nömrəli Fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin Elektron hökumət portalında yerləşdirilməsi Qaydaları təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılsın ki, 1 ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin Elektron hökumət portalında yerləşdirilməsi üçün zəruri olan texniki imkanları təmin etsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 25 iyun 2012-ci il

142

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2012-ci il 25 iyun tarixli 142 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin Elektron hökumət portalında yerləşdirilməsi

 

Q A Y D A L A R I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına baxılması, qəbul edilməsi və təsdiqi qaydası haqqında Əsasnamə nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli 483 nömrəli Fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

1.2. Bu Qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabineti və mərkəzi icra hakimiyyəti orqanları (bundan sonra - informasiya sahibləri) tərəfindən hazırlanmış normativ hüquqi aktların layihələrinin (bundan sonra - layihələr) Elektron hökumət portalında (bundan sonra - portal) yerləşdirilməsi, layihələrin açıq (ictimai və ya peşəkar) müzakirəsi (bundan sonra - müzakirə), həmçinin müzakirədə iştirak etmiş şəxslərə informasiya sahibləri tərəfindən cavab verilməsi qaydalarını müəyyən edir.

1.3. Layihələr (əldə olunması qanunvericiliklə məhdudlaşdırılan informasiyanı əks etdirən layihələr istisna olmaqla) razılaşdırılmağa göndərildiyi andan ictimai və ya peşəkar müzakirəyə çıxarılması məqsədi ilə informasiya sahibləri üçün portalda yaradılmış xüsusi bölmədə yerləşdirilir.

1.4. Layihələrin informasiya sahibləri tərəfindən portalda yerləşdirilməsi üçün zəruri olan texniki imkanlar Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təmin edilir.[1]

1.5. Normativ hüquqi aktların layihələri razılaşdırılmağa göndərildiyi andan bilavasitə həmin layihəni hazırlamış dövlət orqanı tərəfindən portalda yerləşdirilir.

1.6. Layihənin müzakirəsində iştirak etmək istəyən şəxslər portalda tələb olunan qeydiyyatdan keçməlidirlər.

 

2. Layihələrin portalda yerləşdirilməsi

 

2.1. Layihələrin portalda yerləşdirilməsini təmin etmək məqsədi ilə informasiya sahibi məsul şəxsi müəyyən edir və onu elektron imza ilə təmin edir.

2.2. Məsul şəxs layihələrin portalda yerləşdirilməsi üçün elektron imzadan istifadə etməklə müvafiq autentifikasiyadan keçməlidir.

2.3. Məsul şəxs bu Qaydalarla müəyyənləşdirilmiş texniki tələblərə uyğun olaraq, layihələri hazırlayır və istifadə təlimatına uyğun qaydada portalın xüsusi bölməsinə yerləşdirir. İstifadə təlimatı portalın xüsusi bölməsindən əldə olunur.

2.4. Portalın xüsusi bölməsində yerləşdirilmiş layihə portalın məsul şəxsi tərəfindən onun bu Qaydalarla müəyyənləşdirilmiş texniki tələblərə uyğunluğu yoxlanıldıqdan sonra müzakirəyə açılır.

2.5. Layihə texniki tələblərə uyğun olmadıqda, portalın məsul şəxsi tərəfindən çatışmazlıqlar dəqiq göstərilməklə, 1 iş günü ərzində informasiya sahibinə məlumat verilir. İnformasiya sahibi tərəfindən 1 iş günü ərzində çatışmazlıqlar aradan qaldırıldıqdan sonra layihə portalda yerləşdirilir.

 

3. Layihənin portalda yerləşdirilməsinə dair texniki tələblər

 

3.1. Layihələrin portalda yerləşdirilməsi zamanı informasiya sahibi aşağıdakıları təmin etməlidir:

3.1.1. layihənin mətni İSO 10646 (Unicode) beynəlxalq standartına uyğun fontlardan istifadə edilərək hazırlanmalıdır;

3.1.2. layihə ilə birlikdə aşağıdakı məlumatlar portalda yerləşdirilməlidir:

3.1.2.1. informasiya sahibinin adı;

3.1.2.2. layihənin adı;

3.1.2.3. müzakirə müddəti;

3.1.2.4. layihənin razılaşdırılmasında iştirak edən dövlət orqanlarının və təşkilatlarının siyahısı.

3.2. Portalın inzibatçılığını həyata keçirən orqan layihələrin portalda yerləşdirilməsi zamanı aşağıdakıları təmin etməlidir:

3.2.1. layihələrə sərbəst və ödənişsiz çıxış imkanını;

3.2.2. layihənin tam mətninin və ya onun istənilən fraqmentinin köçürülməsi və axtarışı imkanını;

3.2.3. layihəyə dair portalda şəxslər tərəfindən verilmiş irad və təkliflərin yalnız informasiya sahibi üçün açıq olmasını;

3.2.4. layihə ilə əlaqədar irad və təkliflər vermiş şəxslərə informasiya sahibləri tərəfindən portal vasitəsilə cavab göndərilməsi üçün texniki imkanı.

 

4. Layihənin müzakirəsi

 

4.1. Layihənin hazırlanması üçün qanunvericiliklə və ya norma-yaratma orqanının tapşırığı ilə 2 ay və ya daha az müddət müəyyən edildiyi hallarda informasiya sahibi layihənin müzakirəsi üçün 5 gündən, digər hallarda isə 10 gündən az vaxt müəyyənləşdirməməlidir.

4.2. Müzakirə müddəti bitmiş layihələr portaldan çıxarılır.

4.3. Verilmiş irad və təkliflər nəzərə alınmaqla layihə üzərində dəyişikliklər edildikdə, hazırlanmış yeni variant razılaşdırılmağa göndərildiyi andan bu Qaydalara uyğun olaraq portalda yerləşdirilir.

4.4. Layihənin yeni variantı razılaşdırılmağa göndərildikdən və ya təsdiq edilmək üçün normayaratma orqanına təqdim edildikdən sonra Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş müddət ərzində irad və təklifləri məqsədəuyğun hesab edilməyən şəxslərə layihəni portalda yerləşdirmiş dövlət orqanı tərəfindən bu barədə portal vasitəsilə əsaslandırılmış cavab göndərilir. [2]

4.5. Müzakirəsi tam başa çataraq təsdiq üçün normayaratma orqanına təqdim edilmiş layihələrlə əlaqədar yaranmış bütün məlumatlar arxivləşdirilir və siyahısı portalda saxlanılır.

4.6. Portalın fəaliyyətinin həyata keçirilməsi ilə bağlı bu Qaydalarda nəzərdə tutulmayan texniki məsələlər portalın fəaliyyətini nizamlayan sənədlərlə tənzimlənir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 22 iyun 2014-cü il, 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 09, maddə 747) 19 aprel 2016-cı il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 3 may 2016-cı il, 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 4, maddə 818)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 


[1] 13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 22 iyun 2014-cü il, 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 09, maddə 747) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin Elektron hökumət portalında yerləşdirilməsi Qaydaları nın 1.4-cü bəndində İnformasiya Texnologiyaları sözləri Yüksək Texnologiyalar sözləri ilə əvəz edilmişdir.

 

[2] 19 aprel 2016-cı il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 3 may 2016-cı il, 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 4, maddə 818) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin Elektron hökumət portalında yerləşdirilməsi Qaydaları nın 4.4-cü bəndində Vətəndaşların müraciətlərinə baxılması qaydası sözləri Vətəndaşların müraciətləri sözləri ilə əvəz edilmişdir.

 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.