Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi Qaydaları haqqında

Qərar 7

Bakı şəhəri, 12 yanvar 1998-ci il

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Gömrük Məcəlləsinin tətbiq edilməsi barədə» 1997-ci il 25 iyul tarixli 616 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi Qaydaları» təsdiq edilsin.

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 1998-ci il, 1 (7), maddə 46).

17 dekabr 2003-cü il tarixli, 159 nömrəli; 6 oktyabr 2007-ci il tarixli, 159 nömrəli; 8 aprel 2009-cu il tarixli, 58 nömrəli qərarlara əsasən dəyişikliklər və əlavələrlə.


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1998-ci il 12 yanvar tarixli
7 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi
Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının «Gömrük Tarifi» haqqında Qanununun müddəalarına uyğun olaraq tərtib edilmiş, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük dəyərinin müəyyən edilməsi üçün tətbiq olunur.

1.2. Malların gömrük dəyəri — gömrük ödənişlərinin hesablanması, başqa gömrük məqsədləri üçün malların dəyərinin müəyyən edilməsi, o cümlədən cərimələrin tutulması və gömrük qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq məsuliyyətin tətbiq edilməsi və gömrük statistikasını aparmaq üçün istifadə olunur.

Malların gömrük dəyəri ixrac-idxal əməliyyatlarının mühasibatlıqda əks etdirilməsində, xarici malgöndərənlər və malalanlarla hesablaşmalarda əsas götürülmür. İxrac-idxal əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsində və xarici malgöndərənlərlə (malalanlarla) hesablaşmalar aparılmasında mal müşayiət sənədləri əlavə edilməklə hesablaşma sənədlərindəki (hesab-faktura, invoys və s.) qiymətlər, fakturalanmamış (yəni hesab-faktura, invoys olmadığı hallarda) göndərişlər üzrə isə kontrakt qiymətləri əsas götürülür.

1.3. Gömrük dəyəri, mal Azərbaycan Respublikasının gömrük ərazisindən keçirilərkən bəyannamə verən şəxs (deklarant) tərəfindən bu Qaydalarda, habelə Tarif və Ticarət üzrə Baş Sazişin və bu Sazişin VII Maddəsinin tətbiqi üzrə 1994-cü il tarixli Razılaşmanın (bundan sonra — Razılaşma) ümumi prinsiplərində nəzərdə tutulan gömrük qiymətləndirilməsi qaydalarına uyğun olaraq müəyyən edilir.

Deklarantın seçdiyi üsulun düzgünlüyünə nəzarət, malın gömrük rəsmiləşdirilməsini aparan Azərbaycan Respublikasının gömrük orqanı tərəfindən həyata keçirilir.

1.4. Gömrük dəyəri üçün deklarantın təqdim etdiyi məlumatlar dürüst, obyektiv və sənədlərlə təsdiq edilən məlumatlar olmalıdır. Gömrük orqanlarının gömrük qiymətləndirilməsi məqsədi ilə onlara təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin həqiqiliyini və ya düzgünlüyünü araşdırmaq hüququ vardır. Belə məlumat olmadıqda gömrük orqanları müvafiq düzəlişlər edərək özlərində olan məlumatlardan (analoji malların qiymətləri haqqında, o cümlədən ticarət şirkətlərinin kataloqlarında və digər məlumat kitablarında olan məlumatlardan) istifadə edə bilər. Gömrük bəyannaməsində və gömrük məqsədləri üçün zəruri olan digər sənədlərdə düzgün olmayan məlumatların bəyan edilməsinə görə deklarantlar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

1.5. Gömrük orqanı malın gömrük dəyəri bəyan edilərkən deklarant tərəfindən təqdim edilmiş məxfi xarakter daşıyan və kommersiya sirri olan məlumatlardan gömrük qiymətləndirilməsinin məqsədləri üçün istifadə edə bilər. Müvafiq məhkəmə qərarının qəbul olunduğu hallar istisna olmaqla, deklarantın icazəsi olmadan bu məlumatlar digər dövlət orqanları da daxil olmaqla üçüncü şəxsə verilə bilməz.

Məxfi xarakter daşıyan və kommersiya sirri olan məlumatların yayılmasına görə Azərbaycan Respublikasının gömrük orqanı və onun vəzifəli şəxsləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.

1.6. Deklarant tərəfindən bəyan edilən malın gömrük dəyərini dəqiqləşdirmək zərurəti yarandıqda və bu dəqiqləşdirmə qurtarana qədər deklarant, gömrük orqanına Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmlak girovu qoymaq və ya Dövlət Gömrük Komitəsinin reyestrinə salınmış bankın və digər kredit təşkilatının zəmanətini təqdim etmək şərti ilə bəyan edilən malın istifadə üçün ona verilməsi barədə müraciət edə bilər, yaxud keçirilən malın Azərbaycan Respublikasının gömrük orqanı tərəfindən müəyyən edilmiş gömrük dəyərinə uyğun olaraq gömrük ödənişlərini ödəməlidir.

Azərbaycan Respublikasının gömrük orqanı, deklarantın yazılı sorğusuna əsasən malların gömrük dəyərinin necə müəyyən edilməsi haqqında ona yazılı izahat verməlidir.

1.7. Bəyan edilmiş gömrük dəyərinin dəqiqləşdirilməsi və ya Azərbaycan Respublikasının gömrük orqanına əlavə məlumatların təqdim edilməsi ilə bağlı xərclər deklarant tərəfindən ödənilir.

Gömrük qiymətləndirilməsi ilə əlaqədar olaraq deklarant tərəfindən malın gömrük rəsmiləşdirilməsi müddətinin uzadılması mal üzrə gömrük ödənişlərinə möhlət almaq üçün istifadə edilə bilməz.

2. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi

2.1. Azərbaycan Respublikasının «Gömrük Tarifi haqqında» Qanununun müddəalarına uyğun olaraq Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir:

1) gətirilən malların sövdələşmə qiyməti ilə;

2) eyni malların sövdələşmə qiyməti ilə;

3) eynicinsli malların sövdələşmə qiyməti ilə;

4) dəyərin çıxılması üsulu ilə;

5) dəyərin toplanması üsulu ilə;

6) ehtiyat üsulu ilə.

2.2. Gətirilən malların sövdələşmə qiymətinə uyğun olaraq qiymətləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur.

Bu üsuldan istifadə edilə bilmədiyi halda, 2-ci bölmənin 2.1 yarımbəndində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir və hər bir sonrakı üsulun tətbiqi gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda həyata keçirilir.

Malların sövdələşmə qiymətinə əsasən gömrük dəyərini müəyyən etmək mümkün olmadıqda, gömrük orqanı ilə idxal edən (deklarant) arasında 2-ci və 3-cü üsulları ardıcıllıqla tətbiq etməklə dəyərin müəyyənləşdirilməsi üzrə məsləhətləşmələr aparılır.

Dəyərin çıxılması və toplanması üsullarından deklarantın xahişi ilə istənilən ardıcıllıqla istifadə edilə bilər.

2.3. Azərbaycan Respublikasının «Gömrük Tarifi haqqında» Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən gömrük sərhədindən keçirilən malın gömrük dəyərini müəyyən edən deklarant gömrük rəsmiləşdirilməsini aparan müvafiq gömrük orqanına aşağıdakı sənədləri təqdim etməlidir:

    • doldurulmuş gömrük dəyəri bəyannaməsi;
    • yük gömrük bəyannaməsi;
    • təsis sənədlərinin surətləri (hüquqi şəxsin təsis sənədləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamə);
    • müqavilə (kontrakt, saziş) və ona əlavələr (əgər bunlar nəzərdə tutulubsa);
    • nəqliyyat və sığorta sənədləri (mal göndərişində nəzərdə tutulubsa), hesab-faktura (invoys);
    • nəql edilməsi üzrə hesab sənədi və ya nəqliyyat xərclərinin kalkulyasiyası (nəqliyyat xərcləri hesab-fakturaya daxil edilmədiyi hallarda);
    • xüsusi razılıq (lisenziya), icazə (razılıq) əsasında idxal olunan mallar üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş lisenziya, icazə (razılıq).

Bu sənədlər bəyan olunmuş gömrük dəyərini təsdiq etmək üçün kifayət olmadığı hallarda, deklarant qanunvericilikdə nəzərdə tutulmuş zəruri əlavə məlumatları təqdim etməlidir.

3. Gətirilən malların gömrük dəyərinin sövdələşmə qiyməti ilə müəyyən edilməsi (I üsul)

3.1. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malın gömrük dəyəri həmin mal Azərbaycan Respublikasına ixrac olunması üçün satılarkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti (limana və ya digər gətirilmə yerlərinədək) əsasında müəyyən edilir. Gömrük dəyəri müəyyən edilərkən sövdələşmə qiymətində nəzərə alınmayan aşağıdakı xərc maddələri həmin qiymətə əlavə edilir:

a) malın hava və ya dəniz limanınadək, yaxud Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olduğu digər hər hansı bir yerədək gətirilməsi xərcləri, o cümlədən:

  • nəqliyyat xərcləri;
  • malların yükləmə, boşaltma və yenidən yükləmə xərcləri;
  • sığorta xərcləri;

b) alıcının çəkdiyi xərclər:

  • malın alınması üçün komisyon xərcləri istisna olmaqla, komisyon və broker mükafatlandırılmaları üzrə xərclər;
  • konteynerlərin və çoxişlənən taranın dəyəri (əgər əmtəə nomenklaturasına uyğun olaraq, onlar qiymətləndirilən mallarla birlikdə tam surətdə nəzərdən keçirilirsə);
  • qablaşdırma materiallarının və işlərinin dəyəri də daxil olmaqla qablaşdırma dəyəri.

c) alıcı tərəfindən birbaşa və dolayı yolla pulsuz, yaxud qiymətləndirilən malların istehsalı və aparılması üçün satılması ilə əlaqədar istifadə edilməsi üçün aşağı qiymətə təqdim olunmuş aşağıdakı malların və xidmətlərin dəyərinin müvafiq hissəsi, o cümlədən:

  • xammalın, materialların, hissələrin, yarımfabrikatların və qiymətləndirilən malların tərkib hissələri olan digər komplektləşdirici məmulatları;
  • qiymətləndirilən malların istehsalı zamanı istifadə olunan alətlərin, ştampların, qəliblərin və digər bu kimi əşyaların;
  • qiymətləndirilən malların istehsalı zamanı istifadə olunan materialların (sürtgü materiallarının, yanacağın və s.);
  • Azərbaycan Respublikası ərazisindən kənarda yerinə yetirilən və qiymətləndirilən malların istehsalı üçün bilavasitə lazım olan mühəndis, təcrübə-konstruktor, dizayn, bədii tərtibat, eskiz və çertyoj işlərinin;
  • mallarla əlaqəli intellektual mülkiyyət obyektlərinin istifadəsi üçün alıcının qiymətləndirilən malların satışı üçün şərt kimi birbaşa və dolayı yolla sərf etməli olduğu lisenziyalaşdırma xərcləri və digər ödənişlər;
  • Azərbaycan Respublikası ərazisində qiymətləndirilən malların istifadə olunmasından, onun üzərində sərəncam verilməsindən və ya təkrar satışından satıcının birbaşa, yaxud dolayı yolla əldə etdiyi gəlirin satıcıya çatan hissəsi.

Faktiki ödənilmiş və ödənilməli qiymətə əlavələr, Qaydaların bu bölməsinə əsasən və yalnız qərəzsiz və kəmiyyətlə ifadə oluna bilən məlumat əsasında edilməlidir. Gömrük dəyəri müəyyənləşdirilən zaman faktiki ödənilmiş və ya ödənilməli qiymətə Qaydaların bu bölməsində göstərilməyən əlavələrin edilməsinə yol verilmir.

3.2. Bu üsul istifadə olunduqda Ümumdünya Ticarət Təşkilatı (ÜTT — keçmiş QATT) tərəfindən müəyyən olunmuş aşağıdakı şərtlər nəzərə alınmalıdır:

1) ixrac olunan ölkədən idxal olunan ölkəyə satış sövdələşməsinin olması;

2) məhdudiyyətlik anlayışı;

3) kontrakt şərtləri;

4) ÜTT-nin müddəalarına uyğun olaraq faktiki qiymətin təshihi;

5) alıcı və satıcının əlaqəli şəxslər olması;

6) alıcı tərəfindən malların hər hansı sonrakı satışından, sərəncam verilməsindən və ya istifadəsindən əldə edilən gəlirin hər hansı bir hissəsinin bilavasitə və ya dolayı yolla satıcıya keçməsi, bu şərtlə ki, bu Qaydaların 3.1-ci bəndinin müddəalarına əsasən müvafiq dəqiqləşdirilmələrin aparılması mümkün olmasın.

1-ci şərt — satış sövdələşməsinin olması

Əgər bu halda satqı sövdəsi olmazsa, I üsul tətbiq edilə bilməz.

2-ci şərt — məhdudiyyətlik anlayışı aşağıdakılar istisna olmaqla, alıcının mallar üzərində sərəncam və ya istifadə hüquqları sahəsində məhdudiyyətlər nəzərdə tutulduqda :

    • Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məhdudiyyətlər;
    • malların təkrar satıla biləcəyi coğrafi bölgə məhdudiyyətləri;
    • malların qiymətinə əhəmiyyətli dərəcədə təsir etməyən məhdudiyyətlər.

Bu hallarda I üsuldan istifadə olunması məhdudlaşdırılır.

3-cü şərt — kontrakt şərtləri:

    • malın göndərilmə tarixi, əgər bu tarixə mal alınmazsa, idxalçı maldan imtina edir və malın qaytarılması barədə məsələ qaldırır. Bu halda I üsul tətbiq edilə bilməz;
    • kontraktda idxal olunan malın reklam edilməsi göstərildikdə, bu halda reklamın qiymətini müəyyən etmək mümkün olmadığından, malın gömrük dəyərinin təyin edilməsi üçün I üsul uyğun gəlmir.

Kontrakt üzrə xarici ölkədən Azərbaycana dəzgah gətirilir və həmin kontraktın şərtlərinə uyğun olaraq alıcı dəzgahı reklam etməlidir. Bu halda reklamın qiymətini müəyyən etmək mümkün olmadığından, gömrük dəyərinin təyin edilməsi üçün I üsul uyğun gəlmir.

Kontraktda malın faktiki qiyməti üzrə güzəştlərin verilməsi ilə ödənc şərtləri göstərilə bilər.

4-cü şərt — ÜTT müddəalarına uyğun olaraq faktiki qiymətin təshihi

Gömrük dəyərinin hesablanmasında alıcının ərazisinə malın gətirilməsi ilə əlaqədar nəqliyyat xərcləri çıxarılmalıdır. ÜTT-nin müddəalarına görə malın transaksiya qiyməti (idxaledici ölkə ilə sövdələşmə) faktiki qiymətə aşağıdakılar əlavə edilməlidir:

    • idxaledici ölkənin limanına qədər malın nəqledilmə xərcləri (Azərbaycan Respublikasının gömrük sərhədinə qədər);
    • boşaltma-yükləmə xərcləri;
    • yolda sığorta xərcləri.

Satıcı tərəfindən ödənilmiş komissiya haqları malın gömrük dəyərinə daxil edilir. İdxalçı tərəfindən ödənilmiş komissiya haqları malın gömrük dəyərinə daxil edilmir.

5-ci şərt — alıcı və satıcının əlaqəli şəxslər olması

Bu Qaydaların 3.2-ci bəndinin 5-ci şərtinin on birinci abzasına əsasən sövdələşmə qiyməti gömrük məqsədləri üçün qəbul edilən sayıldığı hallar istisna olmaqla, alıcı və satıcının əlaqəli şəxslər olması

Əlaqəli şəxslər dedikdə, işgüzar əlaqələr əsasında onlardan biri digərinin müstəsna agenti, mənfəətinin bölüşdürücüsü və ya satışını təşkil edənlərdən biri və bunu necə etməsindən asılı olmayaraq, aşağıdakı əlamətlərdən heç olmasa birinə malik olan şəxslər nəzərdə tutulur:

    • sövdələşmə iştirakçılarından biri (fiziki şəxs) və sövdələşmə iştirakçılarından birinin vəzifəli şəxsi eyni zamanda digər sövdələşmə iştirakçısının da vəzifəli şəxsidirsə;
    • sövdələşmə iştirakçıları müəssisənin birgə sahibləridirsə;
    • sövdələşmə iştirakçıları bir-birinə münasibətdə işəgötürən və işçidirlərsə;
    • sövdələşmə iştirakçılarından biri digər iştirakçının payının və nizamnamə kapitalının beş faizindən azını təşkil etməyən və səs hüququ verən səhmlərinin sahibidirsə;
    • sövdələşmənin hər iki iştirakçısı üçüncü hüquqi və ya fiziki şəxsin bilavasitə və ya dolayı nəzarəti altındadırsa;
    • sövdələşmə iştirakçıları birlikdə üçüncü şəxsə bilavasitə və ya dolayı nəzarət edirlərsə;
    • sövdələşmə iştirakçıları eyni ailənin üzvü və ya yaxın qohumdurlarsa.

İşgüzar fəaliyyətdə bir-biri ilə bağlı olan şəxslərdən biri digərinin yeganə nümayəndəsi, yeganə distribüteri və ya yeganə konsessioneri olduğu təqdirdə, bunun təqdim edilməsi formasından asılı olmayaraq, onlar yuxarıda göstərilən asılılıq meyarlarına uyğun gəldiyi halda əlaqəli şəxs hesab edilirlər.

Alıcı və satıcının əlaqəli şəxslər olması faktı özü-özlüyündə sövdələşmə qiymətinin məqbul sayılmaması üçün əsas deyildir. Bu halda, satışla bağlı şərait araşdırılmalı və əlaqələrin qiymətə təsiri olmaması şərtilə sövdələşmə qiyməti qəbul edilməlidir. Əgər deklarant tərəfindən və ya başqa cür təqdim edilmiş məlumata əsasən gömrük orqanları əlaqələrin qiymətə təsir etdiyinə dair əsaslara malik olarsa, onlar deklarantı özlərinin əsasları haqqında məlumatlandırmalı və cavablandırmaq üçün ona imkan yaratmalıdırlar. Deklarantın istəyi ilə belə bir bildiriş yazılı şəkildə verilə bilər.

Əlaqəli şəxslər arasında satış zamanı, deklarant sövdələşmə qiymətinin aşağıda göstərilənlərlə eyni və ya təxminən eyni zamanda baş verənlərdən az fərqləndiyini göstərərsə, belə sövdələşmə qiyməti qəbul edilməli və mallar bu Qaydaların 3.1-ci bəndinə müvafiq olaraq qiymətləndirilməlidir:

    • əlaqəli olmayan satıcı ilə Azərbaycan Respublikasına ixrac üçün satış zamanı eyni və ya eynicinsli mallar üçün sövdələşmə qiyməti;
    • eyni və ya eynicinsli malların bu Qaydaların altıncı və yeddinci bölmələrinin müddəalarına əsasən müəyyən edilmiş gömrük dəyəri.

Bu hallar tətbiq olunan zaman, kommersiya və kəmiyyət səviyyələri bu Qaydaların 3.1-ci bəndində göstərilən qiymətə təsir edən əsaslar, satıcı və alıcı əlaqəli şəxslər olmayan satışda satıcının çəkdiyi xərclər arasındakı fərqlər lazımi qaydada nəzərə alınmalıdır.

Bu hallar deklarantın təşəbbüsü ilə və yalnız müqayisə məqsədləri üçün istifadə oluna bilər. Həmin müddəalara uyğun olaraq əvəzedici qiymətlər müəyyən edilə bilməz.

3.3. İdxal olunan malların deklarant tərəfindən təqdim olunmuş gömrük dəyərinin düzgünlüyünə gömrük orqanları nəzarət edirlər və bunun işin həyata keçirilməsində gömrük orqanları sövdələşmənin qiymətinin asılı olduğu kontraktda göstərilən malların göndərilmə şərtlərinə diqqət yetirməlidirlər.

Satıcı və alıcı kontraktları bağlayarkən Beynəlxalq Ticarət Palatasının tərtib etdiyi Qaydaları nəzərə almalıdırlar.

Gömrük dəyərinin düzgünlüyünə nəzarət edən gömrük orqanları malın bir ölkədə olan istehsalçıdan (satıcıdan), digər ölkədə olan istehsalçıya (alıcıya) çatdırılması ilə əlaqədar xərclərin strukturunu bilməlidir. Bu struktur 4 hissədən ibarətdir:

1. Malın istehsalı üçün dəyərin qiymətləndirilməsi (malın qiyməti);

2. İxracatçının ölkəsindəki xərclər (malın qablaşdırılması, markalaşdırılması (malın istehsalı üzrə məlumatlar, adı, netto çəkisi, mənşə ölkəsi), ölkə daxilində nəqliyyat, lisenziya xərcləri, ixrac üzrə vergi və rüsumlar, komisyon haqları);

3. İxracatçının sərhədindən idxalçının sərhədinə kimi xərclər (nəqliyyat, sığorta xərcləri);

4. İdxalçının ölkəsindəki xərclər (idxal üzrə lisenziya xərcləri, rüsum və vergilər, ölkə daxilində malın nəqliyyat və anbarlaşdırma xərcləri).

Yuxarıda qeyd edildiyi kimi, malın gömrük dəyəri bərabərdir: istehsalçı (satıcı) tərəfindən müəyyən edilmiş qiymət, üstəgəl ixracatçının ölkəsindəki xərclər, üstəgəl yolüstü xərclər. Bundan əlavə deklarant tərəfindən təqdim edilmiş malın gömrük dəyərinin həqiqiliyini müəyyən etmək üçün gömrük orqanları gətirilmiş malın miqdarına və keyfiyyətinə, faktiki qiymət üzrə güzəştlərə və valyuta kontraktının milli valyutaya hesablanmasından ötrü bəyannamə tarixinə xarici valyutanın manata olan məzənnəsini nəzərə almalıdırlar.

3.4. Mallar üçün ödənilmiş və ya ödənilməli olan qiymətdən əlavə vəsaitin məbləği müəyyənləşdirilərkən aşağıdakı xərclər gömrük dəyərindən çıxılmalıdır:

    • sənaye qurğuları, maşın və avadanlıq kimi mallar idxal edildikdən sonra qiymətləndirilən mallarla əlaqədar tikinti-inşaat, yığılma, quraşdırma, istismar və texniki yardım göstərilməsindən yaranan istənilən xərc və ödənişlər;
    • qiymətləndirilən malların gömrük ərazisinə gətirildikdən sonrakı daşınma və sığorta xərcləri;
    • gömrük ərazisində ödənilməli olan rüsum və vergilər.

4. Eyni malların sövdələşmə qiyməti üsulu (II üsul)

4.1. İdxal olunan malların gömrük dəyərinin sövdələşmə qiyməti ilə müəyyən edilməsi mümkün olmadıqda, bu malların gömrük dəyəri üçün idxal zamanı və ya təqribən həmin tarixə yaxın zamanda və eyni şərtlərlə satış məqsədi ilə həmin ölkədən Azərbaycan Respublikasına ixrac olunan eyni malların sövdələşmə qiyməti əsas götürülür.

4.2. Eyni mallar dedikdə, qiymətləndirilən mallarla hər cəhətdən eyni olan mallar başa düşülür, o cümlədən:

    • təyinatı və xarakteristikası (fiziki xüsusiyyəti);
    • keyfiyyət, mal nişanın olması və bazardakı nüfuzu;
    • malın mənşə ölkəsi;
    • istehsalçı.

Eyni malların xarici görünüşündə cüzi fərqlər olduqda, digər cəhətləri isə bu bəndin tələblərinə uyğun gəldikdə, həmin fərqlər malların eyni olduğunu inkar etmək üçün əsas sayıla bilməz.

4.3. Mallar aşağıdakı hallarda eyni hesab edilə bilməz:

    • qiymətləndirilən və müqayisə edilən mallar eyni bir ölkədə istehsal edilməyibsə;
    • həmin mallar eyni istehsalçı tərəfindən deyil, digər şəxs tərəfindən hazırlanıbsa;
    • malların layihələri, dizaynları, eksizləri, çertyojları Azərbaycan Respublikasında hazırlanıbsa.

4.4. Azərbaycan Respublikasının «Gömrük Tarifi haqqında» Qanununun 19-cu maddəsinin müddəalarına əsasən eyni malların sövdələşmə qiyməti gömrük dəyərini müəyyən etmək üçün o vaxt əsas götürülə bilər ki, bu mallar:

a) Azərbaycan Respublikasına ixrac üçün satılsın;

b) qiymətləndirilən malların idxalı ilə eyni və ya təxminən eyni bir vaxtda və ya 90 gündən artıq olmamaqla həmin vaxtdan əvvəl gətirilsin;

c) qiymətləndirilən mallarla eyni kommersiya səviyyəsində və təxminən eyni miqdarda satılsın.

Eyni malların eyni kommersiya səviyyəsində və/və ya əsas etibarilə eyni miqdarda olan heç bir satışı müəyyən edilmədikdə, müxtəlif kommersiya səviyyələrində və/və ya müxtəlif miqdarda satılmış eyni malların, səviyyə və miqdar fərqləri nəzərə alınaraq, düzəlişlər edilmiş sövdələşmə qiyməti istifadə olunur. Düzəlişlər, dəyərin artması və ya azalmasına səbəb olub-olmamasından asılı olmayaraq, onların ağlabatanlığını və düzgünlüyünü aydın şəkildə müəyyən edən sübut olunmuş dəlillər vasitəsilə əsaslandırıla bilən olmalıdır.

4.5. Əgər bu üsuldan istifadə olunarkən malların bir neçə sövdələşmə qiyməti aşkar olunarsa, bu zaman idxal edilən malların gömrük dəyərini müəyyən etmək üçün həmin qiymətlərin ən aşağı səviyyəyə malik olanı əsas götürülür.

5. Eynicinsli malların sövdələşmə qiyməti üsulu (III üsul)

5.1. Malın gömrük dəyərinin eynicinsli malların sövdələşmə qiyməti üsulu — III üsul ilə müəyyən edilməsində aşağıdakı şərtlərə riayət etməklə, idxal olunan mallarla eynicinsli olan malların sövdələşmə qiyməti əsas götürülür.

Eynicinsli mallar dedikdə, bütün xüsusiyyətlərinə görə eyni olması da, onlara qiymətləndirilən mallarla eyni funksiyaları yerinə yetirmək imkanı verən oxşar xüsusiyyətlərə və oxşar tərkib materiallarına malik olan qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən mallar başa düşülür.

Malların eynicinsliyi müəyyən edildikdə, aşağıdakı parametrlər nəzərə alınmalıdır:

    • təyinatı və xarakteristikası;
    • keyfiyyəti, əmtəə nişanının olması və bazarda nüfuzu.
    • mənşə ölkəsi.

Bu üsul gömrük dəyərini müəyyən etmək üçün istifadə edildiyi halda, bu bənddə göstərilmiş şərtlərə riayət edilməklə gətirilən mallarla eynicinsli malların sövdələşmə qiyməti əsas götürülür.

5.2. Eynicinsli malların sövdələşmə qiyməti ilə gömrük dəyərinin müəyyən edilməsi üsulundan istifadə olunduqda, bu Qaydaların 4-cü bölməsinin 4.4 və 4.5 bəndləri tətbiq edilir.

5.3. 4-cü bölmənin və bu bölmənin müddəalarına əsasən gömrük qiymətləndirilməsi üsullarından istifadə edildikdə:

a) müxtəlif ölkələrdə istehsal olunmuş mallar qiymətləndirildikdə, onlar eyni və ya eynicinsli hesab edilə bilməz;

b) əgər malların layihələşdirilməsi, onların üzərində aparılan təcrübə konstruktor, bədii tərtibat, dizayn, eskiz və çertyoj işləri Azərbaycan Respublikasının ərazisində yerinə yetirilibsə, belə mallar eyni və ya eynicinsli sayıla bilməz;

c) digər şəxs tərəfindən istehsal edilmiş mallar, yalnız qiymətləndirilən malları istehsal edən şəxs tərəfindən istehsal edilmiş eyni və ya eynicinsli mallar mövcud olmadığı şəraitdə nəzərə alınmalıdır.

6. Dəyərin çıxılması üsulu (IV üsul)

6.1. Dəyərin çıxılması üsulu ilə gömrük dəyərinin müəyyən edilməsi qiymətləndirilən eyni və ya eynicinsli mallar Azərbaycan Respublikasının ərazisində öz ilkin vəziyyəti dəyişdirilmədən satıldıqda tətbiq olunur.

6.2. Dəyərin çıxılması üsulu ilə malın gömrük dəyərini müəyyən etmək üçün mal vahidinin o qiyməti əsas götürülür ki, bu qiymətlə qiymətləndirilən malın gətirildiyi eyni və ya təxminən eyni tarixdə Azərbaycan Respublikası ərazisində qiymətləndirilən idxal edilmiş mallarla eyni və yaxud eynicinsli malların ən böyük məcmu miqdarı satıcı ilə əlaqəli olmayan sövdələşmə iştirakçısına satılsın.

6.3. Mal vahidinin qiymətindən aşağıdakı xərc maddələri çıxılır:

a) idxal edilmiş eyni sinif və ya növ malların Azərbaycan Respublikasında satışı ilə əlaqədar adətən ödənilən və ya ödənilməli olan komissiyalar və ya gəlir və ümumi xərclər üçün adətən ödənilən əlavələr;

b) malların idxalı və satışı ilə əlaqədar Azərbaycan Respublikasında ödənilməli olan idxal gömrük rüsumlarının, vergilərinin, yığımların və digər ödənişlərin cəmi;

c) Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya adətən sərf olunan xərclər.

ç) müvafiq hallarda bu Qaydaların 3.1-ci bəndinin «a» yarımbəndində qeyd olunan xərclər və yığımlar.

Əgər qiymətləndirilən malların idxalı ilə eyni və ya təxminən eyni vaxtda belə bir satış həyata keçirilməyibsə, gömrük dəyəri, bu Qaydaların 6.1-6.3-cü bəndlərində başqa qayda nəzərdə tutulmayıbsa, idxal olunan mallarla eyni və ya eynicinsli olan malların Azərbaycan Respublikasında 90 gündən artıq olmamaq şərtilə ən tez satıldığı satış qiymətinə əsaslanmalıdır.

6.4. Qiymətləndirilən eyni və eynicinsli malların gətirilmə anındakı vəziyyətdə satılması halları olmayıbsa, deklarantın xahişinə əsasən bu bölmənin 6.2. və 6.3 bəndlərinin müddəalarına riayət etmək şərti ilə, emal mərhələsini keçmiş mal vahidinin qiymətindən istifadə etməklə əlavə dəyərə düzəliş edilməlidir.

7. Dəyərin toplanması üsulu (V üsul)

7.1. Gömrük dəyəri bu üsulla müəyyən edilərkən, malın aşağıdakıların toplanması yolu ilə hesablanmış qiyməti əsas götürülür:

a) idxal edilən malların hazırlanmasında istifadə olunan materiallara, həmin malların istehsalına və ya digər emalına çəkilən xərclər və ya bunların dəyəri;

b) bu Qaydaların 3.1-ci bəndinin «a» yarımbəndində nəqliyyat, yüklənmə yerinədək sığorta xərcləri və dəyərləri və sairə;

c) Azərbaycan Respublikasına ixrac etmək məqsədi ilə ixrac ölkəsində istehsalçılar tərəfindən hazırlanan və qiymətləndirilən mallarla eyni sinif və ya növdən olan malların satışı zamanı adətən nəzərə alınan mənfəətə və ümumi xərclərə bərabər mənfəət və ümumi xərclərin həcmi.

7.2. Bu zaman dəyərləndirilən malların gömrük dəyəri istehsalçısı olan ölkədə ümumi qəbul olunmuş uçot prinsiplərinə uyğun şəkildə hazırlanmış məlumatların əsasında müəyyənləşdirilməlidir.

7.3. Azərbaycan Respublikasının rezidenti olmayan hər hansı bir şəxsdən hesablanmış qiymətin müəyyən edilməsi üçün hesabat sənədləri tələb edilə bilməz. Lakin bu maddənin tələblərinə uyğun olaraq gömrük dəyərinin təyin edilməsi məqsədi ilə malların istehsalçısı tərəfindən təqdim edilən məlumatlar, istehsalçının razılığı və müvafiq ölkənin aidiyyəti orqanlarına əvvəlcədən bildirişin verilməsi və həmin orqanların araşdırmaya etiraz etməməsi şərtilə həmin ölkədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən yoxlanıla bilər.

8. Ehtiyat üsulu (VI üsul)

8.1. Əgər gömrük dəyəri bu Qaydaların 3-cü və 7-ci bölmələrində göstərilən üsulların ardıcıl tətbiqi nəticəsində deklarant tərəfindən müəyyən edilə bilmirsə və ya gömrük orqanları tərəfindən gömrük dəyərinin müəyyən edilməsində bu üsullardan istifadə oluna bilməməsi əsaslandırılırsa, bu malların gömrük dəyərini müəyyən etmək üçün zəruri həddədək çevik interpretasiya edilməklə və əsaslandırılmış şəkildə tənzimlənməklə, onda qiymətləndirilən malların gömrük dəyəri Razılaşmanın prinsip və müddəalarına müvafiq olan ağlabatan vasitələri və Azərbaycan Respublikasında mövcud olan məlumatları istifadə etməklə müəyyən edilir.

Ehtiyat üsulu tətbiq olunarkən Azərbaycan Respublikasının gömrük orqanı onun sərəncamında olan bütün qiymət məlumatlarını deklaranta təqdim edir.

8.2. Bu üsulla malın gömrük dəyərini müəyyən etmək üçün aşağıdakılar əsas götürülə bilməz:

a) ixrac edən ölkənin daxili bazarında malın qiyməti;

b) Azərbaycan Respublikasının daxili bazarında Azərbaycan mənşəli malın qiyməti;

c) ixrac edən ölkənin üçüncü ölkələrə göndərdiyi malların qiyməti;

ç) təsadüfi və ya uydurma qiymətlər;

d) müqayisə üçün seçilən iki alternativ dəyərdən gömrük məqsədləri üçün ən yüksəyinin qəbul edilməsini nəzərdə tutan sistem;

e) minimum gömrük dəyərləri;

ə) bu Qaydaların yeddinci bölməsinin müddəalarına əsasən eyni və ya eynicinsli mallar üçün dəyərin toplanması üsulunda müəyyən edilməyən fərqli istehsal xərcləri;

9. Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan malların gömrük dəyərinin müəyyən edilməsi

9.1. Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan (bundan sonra — çıxarılan) malların gömrük dəyərinin müəyyən edilməsi «Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü fəslinə müvafiq olaraq həyata keçirilir.

9.2. Çıxarılan malların gömrük dəyəri (sövdələşmə qiyməti), mallar ixrac üçün satıldığı zaman həmin mal üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət əsasında müəyyən edilir.

Çıxarılan malların gömrük dəyərinə, faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiymətinə daxil edilməyən, lakin alıcı tərəfindən çəkilən aşağıdakı xərclər də daxil edilir:

9.2.1. malın alınması üçün komisyon xərcləri istisna olmaqla, komisyon və broker mükafatlandırılmaları üzrə xərclər;

9.2.2. konteynerlərin və çoxişlənən taranın dəyəri (əgər əmtəə nomenklaturuna uyğun olaraq, onlar çıxarılan mallarla birlikdə tam surətdə nəzərdən keçirilirsə);

9.2.3. qablaşdırma materiallarının və işlərinin dəyəri də daxil olmaqla qablaşdırmanın dəyəri;

9.2.4. alıcı tərəfindən birbaşa və dolayı yolla pulsuz, yaxud çıxarılan malların istehsalı, satılması ilə əlaqədar aşağı qiymətə təqdim olunmuş aşağıdakı malların və xidmətlərin dəyərinin müvafiq hissəsi:

  • xammal, material, hissə və yarımfabrikatlar və çıxarılan malların tərkib hissələri olan digər komplektləşdirici məmulatların dəyəri;
  • çıxarılan malların istehsalı zamanı istifadə olunan alətlərin, ştampların, qəliblərin və digər bu kimi əşyaların dəyəri;
  • çıxarılan malların istehsalı zamanı istifadə olunan köməkçi materialların (sürtkü materiallarının, yanacağın və s.) dəyəri;
  • çıxarılan malların istehsalı üçün bilavasitə lazım olan mühəndis, təcrübə konstruktor, dizayn, bədii tərtibat, eskiz və çertyoj işlərinin dəyəri;

9.2.5. intellektual mülkiyyət obyektlərinin istifadəsi üçün alıcının birbaşa və dolayı yolla sərf etməli olduğu lisenziyalaşdırma xərcləri və digər ödənişlər;

9.2.6. çıxarılan mallar Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarıldıqdan sonra alıcının həmin malların təkrar satışı, verilməsi və istifadəsindən satıcıya birbaşa, yaxud dolayı yolla daxil olan gəlirin bir hissəsi;

9.2.7. Azərbaycan Respublikasının gömrük ərazisində alınan vergilər (gömrük dəyəri bəyan edilərkən ödənilən gömrük tədiyələri istisna olmaqla), əgər vergi qanunvericiliyi və ya Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə müvafiq olaraq respublikanın gömrük ərazisindən çıxarılarkən satıcıya kompensasiya edilmirsə.

9.3. Çıxarılan mallara münasibətdə alqı-satqı sövdələşməsinin olmadığı və ya alqı-satqı sövdələşməsinin qiymətindən gömrük dəyəriniin müəyyən edilməsində istifadə olunması mümkün olmadıqda, gömrük dəyərinin müəyyən edilməsi üçün əsas kimi satıcı-ixracatçının (deklarantın) təqdim etdiyi, çıxarılan malların istehsalı və satışına çəkilən xərcləri əks etdirən mühasibat uçotu məlumatlarından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının gömrük ərazisindən eyni və ya eynicinsli malların çıxarılması zamanı ixracatçının əldə etdiyi gəlir və ya çıxarılan malların satıcısının balansına mədaxili və məxarici haqqında mühasibat uçotu məlumatları da nəzərə alınır.

Göstərilən malların gömrük dəyəri müəyyən edilərkən bu Qaydaların 9.2-ci bəndinin 9.2.1 və 9.2.4-cü yarımbəndlərində sadalanan xərclər nəzərə alınmalıdır.

9.4. Deklarant tərəfindən bu Qaydaların 9.3-cü bəndinə uyğun təqdim edilən məlumatların gömrük dəyərinin müəyyən edilməsində istifadə olunması mümkün olmadığı hallarda çıxarılan malların gömrük dəyəri eyni və ya eynicinsli malların qiyməti haqqında məlumatlar əsasında və ya bu Qaydaların 9.2-ci bəndinin 9.2.1 — 9.2.4-cü yarımbəndlərində göstərilən xərclər nəzərə alınmaqla çıxarılan eyni və ya eynicinsli malların maya dəyəri kalkulyasiya əsasında müəyyən edilir.

Malların eyni və eynicinsliliyi «Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu və 20-ci maddələrinə uyğun olaraq müəyyən edilir.





Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.