Axtar
az|рус|eng
Qanunvericilik

Təbii inhisarlar haqqında

 

Azərbaycan Respublİkasının Qanunu

  Maddə 1. Qanunun məqsədi

 

Bu Qanun Azərbaycan Respublikasında təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını müəyyən edir. Təbii inhisar subyektləri ilə istehlakçıların maraqlarının uzlaşdırılmasını tə min etməyə yönəldilmişdir.

 

Maddə 2. Qanunun tənzimlədiyi münasibətlər

 

Bu Qanun təbii inhisar subyektlərinin, istehlakçıların, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının iştirak etdiyi məhsul, iş, xidmət (bundan sonra əmtəə) bazarlarında yaranan münasibətləri tənzimləyir.

Bu Qanunun müəyyən etdiyi hallar istisna olmaqla, onun müddəaları təbii inhisar subyektlərinin təbii inhisara aid olmayan fəaliyyət sahələrinə şamil edilmir.

 

Maddə 3. Təbii inhisarlar haqqında qanunvericilik

 

Təbii inhisarlar haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Antiinhisar fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunundan və digər normativ-hüquqi aktlardan ibarətdir.

 

Maddə 4. Əsas anlayışlar

 

Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mə naları ifadə edir:

təbii inhisar istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin olmadığı şəraitdə tələbatın ödənilməsi daha səmərəli olan və inhisar subyektlərinin istehsal etdiyi (satdığı) əmtəə istehlakda başqa əmtəə ilə əvəz edilə bilməyən əmtəə bazarının vəziyyəti;

təbii inhisar subyekti təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyekti;

istehlakçı təbii inhisar subyektinin istehsal etdiyi (satdığı) əmtəəni əldə edən fiziki və ya hüquqi şəxs.

 

Maddə 5. Təbii inhisar subyektlərinin fəaliyyət sahələri

 

1. Təbii inhisar subyektlərinin fəaliyyət sahələri aşağıdakılardır:

1.1. Neft və neft məhsullarının magistral boru kəmərləri ilə nəqli;

1.2. Təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri;

1.3. Elektrik və istilik enerjisinin ötürülməsi və paylanması xidmətləri;

1.4. Magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları xidmətləri;

1.5. Aeroport xidmətləri, aeroportların, uçuş zolaqları və qurğuların istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri;

1.6. Metro nəqliyyatında yolların, tunellərin və stansiyaların istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti;

1.7. Su limanı xidmətləri, liman qurğularının istismarı, yükaşırma və dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti;[1]

1.8. Ümumi istifadədə olan elektrik və poçt rabitəsi xidmətləri, qəbuledici verici radio və televiziya stansiyalarının, yüksəktezlikli qurğuların istismarı və nəzarət fəaliyyəti;

1.9. Baş sutəmizləyici qurğular, magistral borular, su kəməri şəbəkəsi və onların üzərindəki təzyiq və tənzimləyici qurğuların istismarı;

1.10. Kanalizasiya təsərrüfatında aerasiya, mexaniki təmizləmə stansiyaları, nasosxanalar, baş və yağış kollektorları və kanalizasiya xətlərinin istismarı;

1.11. Meliorasiya və irriqasiya sahələrinə aid olan su anbarları, kanallar, kollektorlar, boru kəmərləri və bəndlərin istismarı;

1.12. İstilik təchizatı xidmətləri.

2. Bu maddənin 1-ci hissəsində sadalanmış fəaliyyət sahələrində mövcud olan təsərrüfat subyektlərinə rəqib subyektlər yarandıqda rəqabət şəraitində fəaliyyət göstərən subyektlər təbii inhisar subyekti sayılmır və bu Qanun onlara şamil edilmir.

3. Təbii inhisar subyektlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[2]

 

Maddə 6. Təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsi

 

1. Təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanları (bundan sonra təbii inhisarları tənzimləyən orqanlar) tərəfindən həyata keçirilir.

2. Təbii inhisar subyektlərinin fəaliyyətini tənzimləmək məqsədilə aşağıdakı üsullar tətbiq edilə bilər:

2.1. Əmtəənin qiymətlərinin (tariflərinin) tənzimlənməsi;

2.2. Xidmət göstərilməsi məcburi olan istehlakçıların müəyyən edilməsi və (və ya) təbii inhisar subyektlərinin istehlakçıların əmtəə üzrə ehtiyacını tam həcmdə ödəyə bilmədiyi hallarda onların həmin əmtəə ilə tə min olunmasının minimum səviyyəsinin müəyyən edilməsi;

2.3. Əmtəə istehsalının (satışının) həcminin bu Qanunun tələblərinə uyğun müəyyən olunmuş göstəricilərinə əməl edilməsinin tə min olunması.

3. Təbii inhisarları tənzimləyən orqanlar qanunvericiliyə uyğun olaraq digər üsulları da tətbiq edə bilər.

 

Maddə 7. Tənzimləmə üsullarının tətbiq olunması üçün əsaslar

 

Təbii inhisarları tənzimləyən orqanlar tənzimləmə üsullarının tətbiq edilməsi haqqında qərarı konkret olaraq hər bir təbii inhisar subyekti üçün, belə bir tənzimləmənin istehsal edilmiş və ya satılmış əmtəənin keyfiyyətinin artırılmasında və bu əmtəəyə tələbatın ödənilməsində stimullaşdırıcı rolu nəzərə almaqla qəbul edir. Bu zaman məsrəflərin nə dərəcədə əsaslandırılmış olması müəyyən edilir və aşağıdakılar nəzərə alınır:

əmtəənin istehsal və ya satış xərcləri, o cümlədən əmək haqqı, xammal və materialların dəyəri, üstəlik xərclər;

vergilər və digər ödənişlər;

əsas istehsal vasitələrinin dəyəri, onların təkrar istehsalı üçün zəruri olan investisiyaya tələbat və amortizasiya ayırmaları;

faktiki və proqnozlaşdırılan mənfəət;

istehsal olunan və ya satılan əmtəənin keyfiyyətinin və kəmiyyətinin istehlakçıların tələbatına uyğunluğu;

dövlət dotasiyaları və dövlət yardımı ilə bağlı digər tədbirlər.

 

Maddə 8. Təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarəti

 

1. Təbii inhisarları tənzimləyən orqanlar bu Qanuna və Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarına uyğun olaraq təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirirlər. Təbii inhisarları tənzimləyən orqanlar istehlakçıların mənafeyinə mənfi tə sir göstərə bilən və ya təbii inhisar vəziyyətindən sərbəst rəqabət vəziyyətinə iqtisadi cəhətdən əsaslandırılmış keçidə mane olan hərəkətlərin qarşısının alınması və ya aradan qaldırılması üçün bu Qanunla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş tədbirlər görürlər.

2. Təbii inhisarları tənzimləyən orqan təbii inhisar subyektləri tərəfindən həyata keçirilən aşağıdakı hərəkətlər üzərində nəzarət edir:

2.1. Barəsində bu Qanuna uyğun olaraq dövlət tənzimlənməsi tətbiq edilməyən əmtəənin istehsalı (satışı) üçün əsas vəsaitlərə mülkiyyət və ya istifadə hüququnun əldə edilməsi (əgər təbii inhisar subyektinin bütövlükdə həmin əmtəələrin istehsalına cəlb olunmuş əsas vəsaitlərin balans dəyəri bu subyektin təsdiq olunmuş son balansı üzrə nizamnamə kapitalının dəyərinin 10%-dən çox olarsa);

2.2. Barəsində bu Qanuna uyğun olaraq dövlət tənzimlənməsi tətbiq edilən əmtəənin istehsalı (satışı) üçün əsas vəsaitlərin satışı, icarəyə verilməsi və ya digər hərəkətlər nəticəsində təbii inhisar subyektlərinin mülkiyyət və ya istifadə hüququnun digər təsərrüfat subyektlərinə keçməsi (əgər təbii inhisar subyektinin bütövlükdə həmin əmtəənin istehsalına (satışına) cəlb olunmuş əsas vəsaitlərin balans dəyəri həmin subyektin təsdiq olunmuş son balansı üzrə nizamnamə kapitalının dəyərinin 10%-dən çox olarsa);

2.3. Əsas vəsaitlərin lizinq əsasında istehlakçılara verilməsi;

2.4. Təbii inhisar subyektləri tərəfindən bu Qanunla tənzimlənməyən fəaliyyət sahələrinə investisiyaların ayrılması.

3. Təbii inhisar subyektləri bu maddənin 2-ci hissəsində göstərilən hərəkətlərin edilməsinə razılıq almaq üçün təbii inhisarları tənzimləyən orqana müraciət etməlidirlər.

Müraciətə baxılma və bununla əlaqədar müvafiq sənəd və mə lumatın təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

4. Əgər müraciətdə göstərilən hərəkətlər istehlakçıların mənafelərinə mənfi tə sir göstərə bilərsə, habelə müraciət edən tərəfindən zəruri olan sənədlər təqdim edilməyibsə və ya həmin sənədlərdə göstərilən mə lumat həqiqətə uyğun gəlməzsə, bu halda təbii inhisarları tənzimləyən orqan bu hərəkətlərə razılıq verməkdən imtina edə bilər.

5. Təbii inhisarları tənzimləyən orqan müraciət edəndən məsələni araşdırmaq üçün əlavə sənədlərin təqdim edilməsini tələb etmək və yalnız bu halda müraciətə baxılma müddətini uzatmaq hüququ vardır. Belə bir tələb yazılı surətdə müraciətin daxil olduğu vaxtdan 10 gündən gec olmayaraq müraciət edənə göndərilməlidir.

Bütün hallarda təbii inhisarları tənzimləyən orqan müraciətin daxil olduğu və ya əlavə sənədlərin təqdim edildiyi vaxtdan 15 gündən gec olmayaraq müraciət edənə öz qərarı barədə yazılı mə lumat verməlidir.

6. Təbii inhisarları tənzimləyən orqan müraciətdə göstərilən hərəkətlərə razılıq verməkdən imtina etdikdə və ya ona baxılma müddəti bitdikdən sonra heç bir cavab vermədikdə inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.[3]

7. Təbii inhisar subyektlərinin nizamnamə kapitalında səhmlərin (payların) əldə edilməsi və ya başqa əqdlər (girov, idarəetmənin e tibar edilməsi və s.) nəticəsində təbii inhisar subyektinin nizamnamə kapitalını təşkil edən bütün səhmlərə (paylara) düşən səslərin 10%-dən çoxunu əldə edən və onlara məxsus səslərin həcminin bütün hallarda dəyişməsi zamanı şəxs və şəxslər qrupu təbii inhisarları tənzimləyən orqana 15 gün müddətində mə lumat verməlidir.

 

Maddə 9. Təbii inhisarları tənzimləyən orqanların səlahiyyətləri

 

Təbii inhisarları tənzimləyən orqanların aşağıdakı səlahiyyətləri vardır:

bu Qanunun tələblərinə riayət olunmasına öz səlahiyyətləri daxilində nəzarət etmək;

təbii inhisar subyektlərinin siyahısının müəyyən edilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına təkliflər vermək;[4]

təbii inhisar subyektlərinin hər biri üçün tətbiq edilməli olan tənzimləmə üsullarını müəyyən etmək;

tənzimləmə üsullarının tətbiqi haqqında təbii inhisar subyektləri tərəfindən yerinə yetirilməsi məcburi olan qərar qəbul etmək;

qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirmək üçün təbii inhisar subyektlərinin vəzifəli şəxslərindən mə lumat almaq;

qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz səlahiyyətləri daxilində bu Qanunun pozulması ilə bağlı məsələlərə baxmaq və qərarlar qəbul etmək;

təbii inhisar subyektlərinə və onların vəzifəli şəxslərinə cərimələr (maliyyə sanksiyaları) tətbiq etmək;

təbii inhisar subyektlərinə qanun pozuntusu nəticəsində əldə edilmiş mənfəətin büdcəyə ödənilməsi, xidmət edilməsi məcburi hesab edilən istehlakçılarla müqavilə bağlanması, müqavilələrə dəyişikliklər edilməsi haqqında icrası məcburi olan göstərişlər vermək;

təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsinin maliyyə məsələlərinin həlli ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanına müraciət etmək;

qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.

 

Maddə 10. Təbii inhisar subyektlərinin vəzifələri

 

1. Təbii inhisar subyektləri təbii inhisarları tənzimləyən orqanların bu Qanunla nəzərdə tutulmuş səlahiyyətləri dairəsində qəbul etdikləri qərarları yerinə yetirməlidirlər.

2. Təbii inhisar subyektləri təbii inhisarları tənzimləyən orqanlara öz fəaliyyəti barədə qanunvericilikdə müəyyən edilmiş qaydada hesabatları, investisiya layihələrini, digər sənədləri və mə lumatı vaxtında təqdim etməlidirlər.

3. Təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər.

4. Təbii inhisar subyektləri (onların vəzifəli şəxsləri) bu Qanunu pozduqda təbii inhisarları tənzimləyən orqanların qərarlarına uyğun olaraq:

4.1. Bu Qanunun pozulmasını aradan qaldırmağa;

4.2. İlkin vəziyyəti bərpa etməyə və ya qərarda müəyyən edilmiş başqa göstərişləri yerinə yetirməyə;

4.3. Bu Qanuna uyğun olmayan əqdləri ləğv etməyə və ya dəyişməyə;

4.4. Mütləq xidmət edilməli olan istehlakçı ilə müqavilə bağlamağa və bağlanmış müqaviləyə dəyişiklik etməyə;

4.5. Bu Qanunun tələblərinin pozulması ilə əldə olunan mənfəəti dövlət büdcəsinə ödəməyə borcludurlar.

 

Maddə 10-1. Təbii inhisar subyektlərinin informasiyanı açıqlamaq vəzifəsi[5]

 

Təbii inhisara malik olan hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyaları şərtlərin təklif edilməsinə və ya həmin şərtlərdə və qiymətlərdə dəyişiklik edilməsinə azı 30 gün qalmış qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlamalıdırlar.

 

Maddə 11. Təbii inhisar subyektlərinin məs uliyyəti

 

1. Təbii inhisar subyektlərinə aşağıdakı cərimələr (maliyyə sanksiyaları) tətbiq edilir:

1.1. Təbii inhisarları tənzimləyən orqanların səlahiyyətlərinin həyata keçirilməsi üçün tələb olunan sənədlərin və ya başqa mə lumatın vaxtında təqdim edilməməsinə görə beş yüz əlli manatadək;[6]

1.2. Bu Qanunun 8-ci maddəsinin 7-ci hissəsində nəzərdə tutulan mə lumatın təqdim edilməməsinə görə altı yüz altmış manatadək;[7]

1.3. Təbii inhisarları tənzimləyən orqanlara düzgün olmayan mə lumatın verilməsinə görə min yüz manatadək;[8]

1.4. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qiymətlərin (tariflərin) dəyişdirilməsinə görə on altı min beş yüz manatadək;[9]

1.5. Qanunvericiliyə uyğun olaraq təbii inhisarları tənzimləyən orqanların qərarlarının pozulmasına görə on bir min manatadək.[10]

2. Bu maddəyə uyğun tətbiq edilən cərimələr qərar qəbul edildikdən sonra 30 gün ərzində dövlət büdcəsinə ödənilir. Təbii inhisar subyektləri cəriməni vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, müvafiq icra hakimiyyəti orqanı cərimənin, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası İcra haqqında Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən həyata keçirilir.[11]

 

Maddə 12. Təbii inhisar subyektlərinin və təbii inhisarları tənzimləyən orqanların vəzifəli şəxslərinin məs uliyyəti

 

1. Təbii inhisar subyektlərinin vəzifəli şəxsləri bu Qanuna uyğun olaraq təbii inhisarları tənzimləyən orqanların qərarlarını yerinə yetirmədikdə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məs uliyyət daşıyırlar.

2. Təbii inhisar subyektlərinin fəaliyyətini tənzimləyən orqanların vəzifəli şəxsləri bu Qanunu pozduqda Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məs uliyyət daşıyırlar.

3. Təbii inhisar subyektlərinə və onların vəzifəli şəxslərinə tətbiq olunan maliyyə sanksiyaları və cərimələr onları bu Qanundan və təbii inhisarı tənzimləyən orqanların qəbul etdikləri qərarlardan irəli gələn vəzifələri yerinə yetirməkdən azad etmir.

 

Maddə 13. Zərərin ödənilməsi

 

Təbii inhisar subyektlərinin fəaliyyətini tənzimləyən orqanların bu Qanunu pozmaqla qərarları, o cümlədən qiymətlər barədə kifayət qədər əsaslandırılmamış qərarları qəbul etmələri nəticəsində təbii inhisar subyektlərinə və ya digər təsərrüfat subyektlərinə zərər vurulduqda onların mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada bu zərərin ödənilməsini tələb etmək hüququ vardır.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

 

Bakı şəhəri, 15 dekabr 1998-ci il

590-IQ

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 12, maddə 1005)

2.       9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 11, maddə 1053)

3.       2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 6, maddə 462)

4.       22 oktyabr 2013-cü il tarixli 766-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 17 noyabr 2013-cü il, 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 11, maddə 1282)

5.       03 aprel 2015-ci il tarixli 1252-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 30 aprel 2015-ci il, 091, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 371)

6.       18 dekabr 2015-ci il tarixli 51-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 28 yanvar 2016-cı il, 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 01, maddə 18)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 


[1] 18 dekabr 2015-ci il tarixli 51-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 28 yanvar 2016-cı il, 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 01, maddə 18) ilə 5-ci maddənin 1.7-ci bəndində hərəkət sözü dəniz üzgüçülüyünün sözləri ilə əvəz edilmişdir.

 

[2] 22 oktyabr 2013-cü il tarixli 766-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 17 noyabr 2013-cü il, 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 11, maddə 1282) ilə 5-ci maddəyə yeni məzmunda 3-cü hissə əlavə edilmişdir.

 

[3] 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 11, maddə 1053) ilə 8-ci maddəsinin 6-cı hissəsində müraciət edən sözlərindən sonra inzibati qaydada və (və ya) sözləri əlavə edilmişdir.

 

[4] 22 oktyabr 2013-cü il tarixli 766-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 17 noyabr 2013-cü il, 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 11, maddə 1282) ilə 9-cu maddənin birinci hissəsinin ikinci bəndində dövlət reyestrini aparmaq sözləri siyahısının müəyyən edilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına təkliflər vermək sözləri ilə əvəz edilmişdir.

 

[5] 20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 12, maddə 1005) ilə 10-1-ci maddə əlavə edilmişdir.

 

[6] 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 6, maddə 462) ilə 11-ci maddəsinin 1.1-ci bəndində şərti maliyyə vahidinin 500 mislinədək sözləri beş yüz əlli manatadək sözləri ilə əvəz edilmişdir.

 

[7] 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 6, maddə 462) ilə 11-ci maddəsinin 1.2-ci bəndində şərti maliyyə vahidinin 600 mislinədək sözləri altı yüz altmış manatadək sözləri ilə əvəz edilmişdir.

 

[8] 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 6, maddə 462) ilə 11-ci maddəsinin 1.3-cü bəndində şərti maliyyə vahidinin 1000 mislinədək sözləri min yüz manatadək sözləri ilə əvəz edilmişdir.

 

[9] 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 6, maddə 462) ilə 11-ci maddəsinin 1.4-cü bəndində şərti maliyyə vahidinin 15000 mislinədək sözləri on altı min beş yüz manatadək sözləri ilə əvəz edilmişdir.

 

[10] 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 6, maddə 462) ilə 11-ci maddəsinin 1.5-ci bəndində şərti maliyyə vahidinin 10000 mislinədək sözləri on bir min manatadək sözləri ilə əvəz edilmişdir.

 

[11] 03 aprel 2015-ci il tarixli 1252-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 30 aprel 2015-ci il, 091, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 371) ilə 11-ci maddəsinin 2-ci hissəsinin ikinci cümləsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Təbii inhisar subyektləri cərimələri vaxtında ödəmədikdə və ya qismən ödədikdə hər gecikdirilmiş günə görə ödənilməmiş məbləğin 0,5 faizi miqdarında peniya ödəyirlər.




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.